Ulu Öndər Heydər Əliyevin doğum gününün 103-cü ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” III Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalı bu gün uğurla baş tutub.
QHT.az xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan məktəblilər, eləcə də ölkəmizin müxtəlif bölgələrindən 32 Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər.
Ümumilikdə 248 şagirdin qatıldığı tədbir Sumqayıt Kimyaçılar Mədəniyyət Sarayında təşkil olunub. Festival çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, rəqs kollektivlərinin maraqlı və rəngarəng çıxışları izləyicilərə təqdim olunub.
Tədbirdə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova və mərkəzin direktoru Ramin Məmmədov çıxış edərək festivalın əhəmiyyətindən, gənclərin milli dəyərlər ruhunda yetişdirilməsinin vacibliyindən bəhs ediblər.
Tədbirin əsas məqsədi Ulu Öndərin zəngin irsini gənc nəsil arasında təbliğ etmək, milli və mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
Zəhra Ağayeva