RU

Sabiq deputat Ağdama köçməyindən danışdı: “Ata evimin həyəti…“

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Sabiq deputat, Əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva Ağdama köçüb. 30 illik vətən həsrətinə son qoyan Ç.Əliyeva artıq iki aydan çoxdur ki, doğma yurdunda məskunlaşıb.

Moderator.az xəbər verir ki. Musavat.com-un əməkdaşı Çimnaz xanımla əlaqə saxlayıb və onun 30 ildən sonrakı sevincini bölüşüb.

– Ağdama köçmək üçün özünüz müraciət etdiniz?

– Xeyr, şəxsən müraciət etməmişəm. “Qaçqınkom”dan zəng edib dəvət etdilər, püşkatma oldu. Onun nəticəsində Ağdama köçüm oldu. Oğlum Ağdamda ərazi idarəetmə şöbəsinin müdiridir. Hər zaman Ağdama köçməyin arzusunda olmuşam. Burada çox xoşbəxtik, gözəl yaşayırıq. Bizə elə Ağdamın havası da bəsdir. Biz Novruz bayramını Ağdamda keçirdik.

-Ağdamlı günləriniz necə keçir? Orada nə işlə məşğul olursunuz?

-Ev işləri ilə məşğul oluram, səliqəyə-sahmana baxıram. Çoxlu qonağım olur. Sadə gündəlik həyatımı yaşayıram. Sadəcə, burada daha yaxşı və rahatam. İllərlə görmədiyim insanları görürəm.

– Köhnə qonşular, həmşəhərlilərlə necə qarşılaşırsınızmı?

-Köhnə qonşuları görməmişəm. Ancaq Ağdam camaatının hamısı doğma və əzizdir. Uzun illər camaatın içində olmuşam, hamı məni tanıyır. Ona görə də hər kəs mənimlə görüşmək istəyir. Bu baxımdan darıxmıram, gələn-gedən çox olur. Günümüz yaxşı keçir.

–30 il bundan qabaq tərk etməyə məcbur olduğunuz ev durur?

– Heç yeri də qalmayıb. Təkcə ata evimin həyətinin harada olduğunu bilirəm. İndi isə şəhərdə çörək muzeyi ilə üzbəüz binada yaşayıram. Çörək muzeyinə, məscidə baxıram. Ağdam gözəlləşir, əhalisinin sayı artır. Hər gün azan səsinə yuxudan ayılıram.

–Ağdam bir zamanlar, məşhur bazarı, ticarət qovşağı olması ilə də tanınırdı. Fikrinizcə, o bazarı yenidən dirçəltmək mümkün olacaq?

– Ondan da möhtəşəm bazar yaradılacaq. Hazırda şəhərdə dörd market artıq fəaliyyət göstərir.

Xatırladaq ki, Çimnaz Əliyeva 1949-cu il 4 dekabr tarixində Ağdam şəhərində anadan olub. 1996-cı il fevralın 4-də baş tutan təkrar parlament seçkilərində 47 nömrəli Ağdam şəhər dairəsindən bitərəf namizəd olan Çimnaz Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
2
moderator.az

3Источники