RU

Xviça Kvaratsxeliya ÇL-in tarixinə düşdü – ARENA.AZ

UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”lə cavab oyunu PSJ-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Münhendə baş tutmuş cavab matçında (1:1) məhsuldar ötürmə müəllifi olan futbolçu ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.

Bununla da o, Çempionlar Liqasının tarixinə düşüb. Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atmış ilk oyunçudur.

Xviça cari mövsümdə ÇL-də 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xatırladaq ki, PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarında heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.

Xviça indiyə qədər PSJ-nin heyətində 76 oyuna çıxıb, 26 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 49 oyuna 22 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
13
4
arena.az

10Источники