RU

Rusiyalı deputatlar Paşinyanı yıxıb-sürüdü: “Kiyevin acı təcrübəsi ona heç nə öyrətməyib”

“Sputnik-Armeniya” radiosunda yayımlanan “Abovyan TIME” podkastının müəllifi və aparıcısı Arman Abovyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçiriləcək 9 May paradına getməməsini sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, Abovyan bildirib ki, Paşinyan ilk dəfə Qırmızı meydandakı Qələbə paradını görməzdən gələcək.

Rəsmi səbəb kimi mayın 8-də Ermənistanda seçki kampaniyasının başlaması göstərilir. Lakin Moskvada bu versiyaya inanmadıqları bildirilir. Çünki bir günlük səfərin seçki təşviqat planlarını dağıdacağı inandırıcı görünmür.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin artıq bu məsələyə reaksiya verib:

“Onlarda seçkilərin olması onların daxili işidir. Amma ümumi tarixi, müharibə qəhrəmanlarının xatirəsini unutmaq başqa məsələdir”, – deyə Volodin bildirib.

Daha sərt mövqeni deputat Leonid Kalaşnikov səsləndirib:

“Orada bizim, Rusiyanın bütün düşmənlərini topladı və müxtəlif cəfəngiyyatlar danışdı. Reaksiya vermək lazımdır. Onların KTMT-dən çıxmasını gözləmək yox, özlərini belə həyasız apardıqlarına görə onlardan çıxmağı xahiş etmək lazımdır”.

Abovyanın fikrincə, ekspertlər bu məsələdə həmrəydirlər: seçki bəhanəsi sadəcə diplomatik pərdədir. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Moskvanın mövqeyindən şüurlu şəkildə uzaqlaşır və bu, artıq açıq Qərb kursuna çevrilib.

O xatırladıb ki, bir qədər əvvəl İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçirilib. Həmin tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistan ərazisindən Qırmızı meydana mayın 9-da dron hücumları ilə hədələyib, Paşinyan isə bunu açıq şəkildə pisləməyib.

Siyasi elmlər doktoru Viktor Soqomonyan da bildirib ki, İrəvandakı sammit Paşinyan hökumətinin Rusiyadan uzaqlaşma siyasətinin kulminasiya nöqtəsidir.

Politoloq Ruslan Pankratov isə hesab edir ki, Qərb Ermənistanı məqsədli şəkildə “Rusiya–İran–Aİİ bağlantısına qarşı taran”a çevirir və onu Moskva ilə əlaqələrin qırılmasının uğurlu nümunəsi kimi təqdim etməyə çalışır.

Abovyan qeyd edib ki, paralel olaraq Paşinyan Londonla strateji deklarasiya imzalayıb, Avropa İttifaqından hərbi yardım alıb və Ukrayna məsələsində müttəfiqlik öhdəliklərindən açıq şəkildə imtina edib.

Dövlət Dumasında bu anti-Rusiya kursunun artıq adekvat cavab tələb etdiyi bildirilir. Deputat Andrey Qurulyov Ermənistanla birgə iqtisadi layihələrin dondurulmasını təklif edib:

“Onlar mahiyyətcə hələ də böyük ölçüdə Rusiya pulları hesabına yaşayırlar. Bu layihələri dayandırmaq lazımdır, qoy bir az özləri fırlansınlar”.

Politoloq İvan Mezyuxo isə daha sərt paralel aparıb:

“Bu gün Nikol Paşinyan Ermənistanı anti-Rusiya relslərinə qoymağa çalışır. Görünür, Kiyevin acı təcrübəsi ona heç nə öyrətməyib. Əslində, o və onun hökuməti bu gün ölkənin suverenliyini məhv edirlər”.

Abovyanın fikrincə, Paşinyanın Qələbə paradından imtinası artıq sadəcə protokol epizodu deyil. Bu, Ermənistan hakimiyyətinin Moskvadan qopmaq kursunu geriyə dönüşü olmayan mərhələyə daşıdığını göstərən siyasi diaqnozdur.

Belə görünür ki, Paşinyan üçün seçki kampaniyası bir günlük Moskva səfərindən daha “ağır” məsələdir. Yaxud da məsələ seçkidə yox, Qırmızı meydanda kimin yanında dayanacağını izah edə bilməməkdədir.

Natiq Səlim
KONKRET.az

Избранный
10
1
konkret.az

2Источники