Rəqəmsal dövlətin idarə olunması prosesində müxtəlif məqsədlər üçün cəmiyyətin qiymətləndirilməsi, sosial proseslərin analitik üsullarla öyrənilməsi və proqnozlaşdırılması dövlət qurumları qarşısında duran mühüm vəzifələrdəndir. “Big data”, bulud texnologiyaları, əşyaların interneti, süni intellekt kimi texnologiyalar dövlət orqanlarına qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşlarla bağlı zəruri informasiya resursları formalaşdırmağa, həmin məlumatlardan müxtəlif məqsədlər üçün səmərəli istifadə etməyə imkan yaradır.
SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova məlumat verib. O, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda rəqəmsal dövlətin formalaşdırılması və müasir idarəetmə modelinə keçid istiqamətində həyata keçirilən ardıcıl siyasətdən bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” müvafiq dövlət qurumları ilə yanaşı, elmi müəssisə və təşkilatların qarşısında da mühüm vəzifələr müəyyənləşdirir.
İ.Ələkbərova bildirib ki, Azərbaycanda sosial kredit mexanizminin yaradılmasına dair tədqiqatların aparılmasında əsas məqsəd rəqəmsal dövlət modelində effektiv idarəetmə aləti kimi sosial kredit mexanizminin əsas xüsusiyyətləri və perspektivlərinin müəyyən edilməsi, vətəndaşların və ümumiyyətlə, cəmiyyətin müxtəlif aspektlərdən qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilib hazırlanmasıdır.
Tədqiqatçının sözlərinə görə, ayrı-ayrı dövlət qurumlarında vətəndaşlarla bağlı zəruri məlumatların toplanması, həmin resursların qarşılıqlı inteqrasiyası və ölkə səviyyəsində mərkəzləşdirilmiş data ekosisteminin formalaşdırılması rəqəmsal dövlət quruculuğunun əsas vəzifələrindəndir: “Bu məlumat bazaları əsasında vətəndaşların sosial kreditinin, başqa sözlə, sosial çəkisinin, ictimai nüfuzunun qiymətləndirilməsi istiqamətində araşdırmaların aparılması qarşımızda duran əsas hədəflərdən biridir”.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev mövzu ilə bağlı fikirlərini bölüşərək müasir dövrdə fərdin sosial kreditinin qiymətləndirilməsinə dair tədqiqatların böyük aktuallıq kəsb etdiyini söyləyib. Alim bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal dövlət quruculuğu, yeni rəqəmsal arxitekturanın formalaşdırılması, eləcə də ölkəmizin kibersuverenliyi və kibertəhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərinə çevrilib. Sosial idarəetmənin optimallaşdırılması, cəmiyyətin hərtərəfli inkişafının təmin edilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi rəqəmsal dövlətin əsas məqsədlərindəndir.
Alimin sözlərinə görə, rəqəmsal dövlət yalnız texnoloji model deyil, eyni zamanda, sosial, hüquqi və digər aspektləri özündə birləşdirən mürəkkəb idarəetmə sistemidir. Bu baxımdan sosial kredit mexanizminin mahiyyəti, məqsədi və texnoloji problemlərinin elmi əsaslarla araşdırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.
Akademik onu da vurğulayıb ki, XXI əsrdə rəqəmsallaşma proseslərinin sürətlənməsi cəmiyyətdə şəffaflığı artırır, müxtəlif sahələr üzrə məlumatların toplanması və təhlili dövlət idarəçiliyində yeni imkanlar yaradır, effektiv idarəetmə mexanizmlərini formalaşdırır: “Rəqəmsal dövlətin və süni intellektin imkanları ayrı-ayrı vətəndaşların pozitiv və neqativ fəaliyyətini xarakterizə edən göstəricilər əsasında onların sosial kreditlərini qiymətləndirməyə, həmçinin bütövlükdə cəmiyyətin sosioqrammasını formalaşdırmağa imkan verir. Bu sosioqrammadan və fərdlərin sosial kreditlərinin qiymətlərindən istifadə etmək fərdlərin və cəmiyyətin sosial kapitalını, güclü və zəif tərəflərini, vətəndaş məmnunluğunu və məsuliyyətini müəyyənləşdirmək üçün geniş perspektivlər açır. Rəqəmsal dövlətin sosial kapitalı nə qədər yüksək olarsa, həmin cəmiyyət də bir o qədər intellektual, dayanıqlı və güclü olar”.