RU

“BU, HƏM RUSİYAYA, HƏM İRANA, HƏM DƏ AVROPA İTTIFAQINA MESAJDIR...” Gördülər ki, Bakı lazım gəldikdə daha sərt cavab verməyə hazırdır”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Tofiq Zülfüqarov: “Rusiya və İran anladı ki, Azərbaycan kritik əhəmiyyət daşıyır...Qərbin Azərbaycana təzyiq siyasəti də heç bir nəticə vermədi”

“Regionumuzdakı hərbi balansı nə Fransa, nə də Rusiya Ermənistanın xeyrinə dəyişə bilməz”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “AzPolitika”ya müsahibəsində regiondakı geosiyasi durum, Qərb və Rusiyanın apardığı siyasət, Ermənistanda gələn ay keçiriləcək seçkilərdən gözləntilər və digər aktual mövzularla bağlı sualları cavablandırıb.

Müsahibnəi təqdim edirik:

- Tofq müəllim, əvvəlcə bu həftə İrəvanda baş tutan Avropa Siyasi Birliyinin toplantısı və Avropa İttifaqı–Ermənistan sammiti haqqında fikirlərinizi öyrənmək istəyirik. Avropanın yüksək səviyyəli tədbirləri region üçün nə deməkdir?

- Bu sammitin Ermənistanda keçirilməsi ilk növbədə dünyada gedən proseslərlə bağlıdır. Vəziyyət həm Avropada, həm Asiyada çox mürəkkəbdir. Yəni, Cənubi Qafqazın şimalında müharibə var, cənubunda da gərginlik mövcuddur. Avropa ilə Asiya arasında isə bizim region var, mən bunu bir növ Süveyş kanalı adlandırıram. Yəni Cənubi Qafqaz özündən asılı olmayaraq bu iki böyük qitə arasında yeganə mühüm kommunikasiya xəttinə çevrilib. Biz bunu “Flightradar” kimi platformalarda da görürük. Hava daşımaları, hava yolları və ümumiyyətlə, logistika baxımından bu regionun əhəmiyyəti xeyli artıb. Demək olar ki, dünyanın ən böyük iki qitəsi arasında əsas tranzit məhz burada formalaşır. Bu isə bölgəyə xüsusi geosiyasi əhəmiyyət qazandırır. Bölgənin ölçüsü kiçik olsa da, strateji çəkisi çox böyükdür. Bu maraq və proseslər artıq elə bir mərhələyə çatıb ki, Avropa İttifaqı da regionda daha fəal iştirak etməyə çalışır.

Burada çox maraqlı və mühüm proseslər baş verir. “Brexit”dən sonra görürük ki, Fransa Avropada siyasi liderlik rolunu öz üzərinə götürmək niyyətindədir və buna uyğun siyasət həyata keçirir. Eyni zamanda Avropanın ənənəvi müttəfiqi olan ABŞ ilə münasibətlərdə müəyyən böhran elementləri müşahidə olunur. Bu, həm iqtisadi münasibətlərdə, həm də təhlükəsizlik məsələlərində özünü göstərir. NATO daxilində gedən proseslər də göstərir ki, əvvəllər “Qərb” dedikdə vahid siyasi mərkəz nəzərdə tutulurdusa, indi bu birlik artıq əvvəlki qədər monolit deyil. Xüsusilə də Tramp administrasiyası dövründə ABŞ daha çox öz milli maraqlarına uyğun siyasət həyata keçirməyə başlayıb. Belə bir şəraitdə İrəvanda keçirilən tədbir də mənim qeyd etdiyim böyük geosiyasi faktorların təsiri altında baş tutdu.

- Fransa Prezidenti Emmanuel Makron İrəvanda çox fəal idi və əsas siyasi mesajları da o səsləndirdi…

- Əlbəttə, Makronun çıxışı ilk növbədə Rusiyaya qarşı mesaj olmaqla yanaşı, müəyyən mənada ABŞ-nin bölgədə dominant roluna qarşı Avropanın ayrıca mövqe nümayiş etdirmək cəhdi kimi də görünür. Rusiyanın Cənubi Qafqazdakı imkanlarının azalması isə təbii prosesdir və davam edir.

Biz görürük ki, Ukrayna-Rusiya müharibəsinin yaxın zamanda həlli görünmür. Rusiyanın postsovet məkanında hansısa yeni imperiya tipli siyasi layihələri indiki mərhələdə həyata keçirməsi olduqca çətin görünür. Bu baxımdan onun Ermənistana təsirini saxlamaq daha çox hərbi məqsədlərlə deyil, imic məsələsi ilə bağlıdır. Fransanın burada qərbyönlü Nikol Paşinyan hakimiyyətinə verdiyi dəstək də, dediyim kimi, ilk növbədə Rusiyaya qarşı deyil, praktiki olaraq ABŞ-yə qarşı geosiyasi rəqabət kontekstində qiymətləndirilə bilər. Çünki Tramp artıq açıq şəkildə bəyan edib ki, ABŞ-nin bu bölgəyə marağı böyükdür və ilk növbədə diqqət regiondan keçən kommunikasiyalara yönəlib. Bu kommunikasiyalar isə üç əsas qlobal oyunçu – Çin, Avropa və ABŞ arasında ən həssas strateji zonalardan biridir. Bundan əvvəl Panama kanalı ilə bağlı Trampın çıxışlarını da gördük. Eyni zamanda Fars körfəzində baş verən proseslər göstərir ki, ABŞ həm enerji ehtiyatlarını, həm də əsas kommunikasiya xətlərini öz təsiri altında saxlamaq niyyətindədir. Məhz bu kontekstdə Cənubi Qafqazda gedən prosesləri təhlil edərkən həmin faktorları nəzərə almalıyıq.

Bəli, sammit zamanı çıxışlardan da göründü ki, Fransa kifayət qədər aktiv davranır və müəyyən mənada özünü ABŞ-dən sonra ikinci böyük Qərb siyasi gücü kimi təqdim etməyə çalışırdı. Makronun bəyanatları da daha çox bu siyasi imicə xidmət edirdi. Amma maraqlı məqam ondan ibarətdir ki, həm Fransanın, həm də ümumilikdə Qərbin bölgədə təsir imkanlarının zəiflədiyini görürük. Azərbaycana təzyiq siyasəti heç bir nəticə vermədi. Əksinə, bu yanaşma Fransanın müxtəlif istiqamətlərdə bloklanması ilə nəticələndi. Gürcüstan məsələsində də eyni tendensiyanı müşahidə etdik. Məsələn, Zurabişvili layihəsinin Fransa üçün gözlənilən nəticəni vermədiyini və Tbilisinin müəyyən qədər uzaqlaşdığını görürük.

Hazırda onların əsas ümid yeri Ermənistan olaraq qalır. Maraqlıdır ki, Makronun İrəvandakı çıxışları müəyyən mənada bundan əvvəl Kremldə keçirilən görüşlərdə Putinin səsləndirdiyi fikirləri xatırladırdı. O zaman Putin Ermənistan cəmiyyətinə izah etməyə çalışırdı ki, niyə Rusiya Ermənistanın gözlədiyi səviyyədə ona dəstək verə bilmədi. Makronun çıxışında da buna bənzər ritorika hiss olunurdu: “Biz çox istəyirik, amma vəziyyət belədir” və yenə də gələcəyə hesablanmış vədlər verildi. Amma düşünürəm ki, real siyasətlə məşğul olan qüvvələr İrəvanda da anlayırlar ki, Fransanın burada ciddi və həlledici rol oynamaq imkanları olduqca məhduddur.

-Bu nəylə bağlıdır?

- Fransanın Suriyadan sıxışdırılması, Şərqi və Qərbi Afrikada, həmçinin Məğrib regionunda mövqelərini itirməsi göstərir ki, Parisin qlobal təsir imkanları əvvəlki səviyyədə deyil. Fransa böyük dövlət imicini qorumağa çalışsa da, bunun üçün lazım olan real siyasi və hərbi potensialı məhduddur. Məsələn, müxtəlif məlumatlara əsasən, Fransanın xaricdə eyni anda təxminən 9-10 min hərbçi saxlamaq imkanları var və bundan yuxarı göstəricilər onlar üçün ciddi çətinlik yaradır. Bu baxımdan Ermənistanın Fransadan gözlədiyi təhlükəsizlik təminatları daha çox siyasi və psixoloji xarakter daşıyırdı. Məncə, Makronun İrəvandakı çıxışları da müəyyən mənada yumşaq diplomatik təsəlli xarakteri daşıdı. Hətta verilən vədlərin miqyası da bir qədər simvolik təsir bağışladı. Ermənistanın təhlükəsizlik ehtiyacları fonunda ayrılan 30 milyon avroluq yardım kifayət qədər məhdud rəqəmdir. Üstəlik, həmin vəsaitin hansı müddətdə və necə veriləcəyi də tam aydın deyil. Bu isə daha çox siyasi jest təsiri bağışlayır, nəinki real strateji dəstək görüntüsü yaradır.

- Makron Rusiyanın Ermənistanda əsas “qalası” sayılan Gümrüyə getdi. Bu simvolik ziyarətin prədəarxası məqamlarını və ondan çıxan mesajları necə ifadə etmək olar?

- Hesab edirəm ki, bu, bir növ Fransanın hazırkı böhranlı vəziyyətinin göstəricisidir. Çünki baxın, Fars körfəzində baş verən proseslər, Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı problemləri daha da dərinləşdirib. Eyni zamanda, ABŞ ilə Avropa İttifaqı arasında ticarət münasibətlərində də ciddi gərginlik var. Məsələn, Tramp administrasiyasının tətbiq etdiyi tarif siyasəti Avropa iqtisadiyyatına əlavə təzyiq yaradır. Belə bir şəraitdə Makron çalışır ki, “Rusiyanın boşaltdığı yeri Fransa doldura bilər” görüntüsü yaratsın. Amma görüntü ilə reallıq arasında böyük fərq var. Oxşar siyasi görüntüləri biz Yunanıstanda və digər regionlarda da görmüşük. Lakin əsas problem ondan ibarətdir ki, Avropa hazırda enerji baxımından çox ciddi zəiflik yaşayır. Texnoloji və sənaye rəqabətində ABŞ və Çinlə mübarizə aparmaq üçün Avropaya ucuz enerji lazımdır. Əgər enerji baha olarsa, Avropa istehsalı qlobal bazarda rəqabət qabiliyyətini itirir. Fars körfəzində baş verən hadisələr də məhz Avropa və müəyyən mənada Çin iqtisadiyyatının enerji baxımından nə qədər həssas olduğunu göstərir.

ABŞ isə burada fərqli vəziyyətdədir. Onlar enerji resursları üzərində nəzarəti gücləndiriblər və bu siyasəti davam etdirirlər. Məsələn, Fransada qazın qiyməti ABŞ ilə müqayisədə bir neçə dəfə yüksəkdir. Bu isə Avropa ölkələrini ciddi narahat edir. Onlar anlayırlar ki, istehsalın bir hissəsi artıq Avropadan ABŞ-yə köçməyə başlayıb. Çünki beynəlxalq korporasiyalar üçün əsas məsələ ucuz enerji, əlverişli istehsal mühiti və təhlükəsiz investisiya şəraitidir. Tramp da məhz bunu təmin etməyə çalışır. Digər tərəfdən, Avropa İttifaqı Mərkəzi Asiya ilə əlaqələri gücləndirmək istəyir. Bunun üçün isə Azərbaycan kimi tranzit və logistika baxımından vacib ölkələrə ehtiyac duyurlar. Bu baxımdan hesab edirəm ki, bölgədə gedən proseslərdə əsas qarşıdurma yalnız Rusiya ilə Qərb arasında deyil. Burada ABŞ ilə Avropa arasındakı rəqabət elementləri də açıq şəkildə görünür. Hətta müəyyən məqamlarda Fransa və Rusiyanın maraqları üst-üstə düşə bilir. Yəni onlar bir-birinə rəqib olsalar da, bəzi situasiyalarda ABŞ-nin bölgədə dominant roluna qarşı dolayı şəkildə eyni mövqedə görünə bilirlər. Geosiyasətdə tam sabit dost və ya düşmən anlayışı yoxdur, daha çox situativ maraqlar var.

- Tofiq müəllim, bəs Azərbaycan və Ermənistanın sülh gündəliyi necə irəliləyir? Bu yaxınlarda Baş nazirin müavini Şahin Mustafayevin Ermənistana səfəri oldu, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı işçi sənədlər razıalşdırıldı. Azərbaycan həm öz məhsullarının, həm də digər ölkələrdən Ermənistana tranzitin həyata keçirilməsinə dəstək verir. Dediyiniz mürəkkəb şəraitdə bu prosesi ləngidə və ya poza biləcək risklər varmı?

- Münaqişələr böyük güclər tərəfindən çox zaman region ölkələrinə təsir vasitəsi kimi istifadə olunur. Ona görə də biz görürük ki, həm Rusiya, həm də Fransa tərəfindən Qarabağ məsələsinin tam bağlanmasına dair müəyyən tənqidi və ya ehtiyatlı yanaşmalar səslənir. Xüsusilə diqqət çəkən məqam odur ki, onlar daha çox iqtisadi inteqrasiya layihələrinə deyil, təhlükəsizlik yönümlü təşəbbüslərə dəstək verdiklərini vurğulayırlar. Bu isə o deməkdir ki, müəyyən revanşist qüvvələrə dolayısı ilə mesaj verilir. Futbol termini ilə desək, onlara “pas ötürülür” ki, gələcəkdə yenidən revanşist ideologiya üzərində hansısa siyasi xətt qurmağa çalışsınlar. Əsas təhlükə də məhz budur. Çünki seçki ərəfəsində Ermənistan daxilində və xaricində kifayət qədər qüvvələr var ki, Paşinyanın apardığı sülh gündəliyinə qarşı çıxırlar.

Təbii ki, burada bir məqamı da unutmaq olmaz: Ermənistanın sülhə meyllənməsi ilk növbədə Azərbaycanın yaratdığı yeni reallıqlar və “dəmir yumruq” siyasətinin nəticəsində formalaşıb. Amma buna baxmayaraq, həmin xəttə qarşı alternativ qüvvələri dəstəkləmək istəyən dairələr mövcuddur.

- Azərbaycan bu meyllərə qarşı nə edir?

- Əlbəttə, Azərbaycan bu riskləri görür və buna cavab olaraq sülh gündəliyini ardıcıl şəkildə irəli aparmağa çalışır. Məsələn, cənab Prezidentin çıxışlarında əsas tezislərdən biri regionda dayanıqlı sülhün təmin olunması, iqtisadi və humanitar təmasların genişləndirilməsi olur. Bu da təsadüfi deyil. Burada əsas məsələ Ermənistan cəmiyyətinin seçimidir. Ya onlar sülh gündəliyinə uyğun şəkildə qonşularla normal münasibətlər quracaqlar, ya da tarixi düşmənçilik siyasətini davam etdirəcəklər. Əsas seçim bundan ibarətdir. Hesab edirəm ki, Azərbaycanın bu məsələdə həyata keçirdiyi ardıcıl siyasət hazırkı mərhələdə mümkün olan ən rasional yanaşmadır

- Bəs, Ermənistandakı parlament seçkilərindən gözləntiniz nədir? Çünki burada həm Avropa İttifaqı və Fransanın, həm də Rusiyanın aktiv müdaxiləsini görürük.

- Hesab edirəm ki, hər iki tərəfdən yeridilən bu cür siyasətin və təbliğatın əsas hədəfi ilk növbədə Ermənistan cəmiyyətidir. Çünki orada yaşayan insanlar artıq bu münaqişədən ciddi şəkildə yorulublar. Onlar həm itkiləri, həm məğlubiyyəti, həm də mövcud geosiyasi reallığı qəbul etməyə məcburdurlar. Ermənistan cəmiyyətində artıq anlayırlar ki, nə Rusiyanın, nə də Fransanın dəstəyi regiondakı real güc balansını dəyişə bilməz. Ermənistanın şərqində yerləşən Azərbaycan 10 milyondan çox əhalisi olan və hərbi baxımdan kifayət qədər güclü dövlətdir. Qərbdə isə Türkiyə yerləşir – 90 milyondan çox əhalisi olan və dünyanın ən güclü ordularından birinə sahib ölkədir. Belə bir geosiyasi və hərbi balansı nə Fransa, nə də Rusiya Ermənistanın xeyrinə dəyişə bilməz. İnsanlar da bunu artıq başa düşürlər. Ona görə də biz görürük ki, müharibədən sonra Ermənistanı tərk edənlərin sayı kifayət qədər artıb. Əgər gələcəkdə Avropa İttifaqı ilə viza rejimi daha da sadələşdirilsə, onda Ermənistanın aktiv və perspektivli təbəqəsinin ölkədən çıxışı daha da sürətlənə bilər.

Mən düşünürəm ki, qarşıdakı seçkilərdə Paşinyan yenidən üstün mövqedə olacaq. O özü də dəfələrlə bəyan edib ki, seçkilərdə qələbəyə inanır. Amma əsas məsələ seçkilərdən sonrakı mərhələdir. Çünki növbəti mərhələdə referendum məsələsi gündəmə gələcək. Ermənistan Konstitusiyasında və digər hüquqi sənədlərdə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi həll olunmalıdır. Məncə, əsas siyasi mübarizə də məhz bundan sonra başlayacaq. Həm sülh tərəfdarları, həm də revanşist qüvvələr artıq indidən həmin mərhələyə hazırlaşırlar. Azərbaycan isə bu prosesləri diqqətlə izləməlidir.

- Tofiq müəllim, bəs Azərbaycan-Rusiya münasibətlərində hansısa müsbət dinamika görürsünüzmü? Ümumiyyətlə, bu münasibətlərdə vəziyyət necədir?

- Bilirsiniz, hazırda yaranmış geosiyasi vəziyyət kifayət qədər unikaldır. Mən əvvəllər də qeyd etmişdim ki, Rusiya da, İran da indi anlayırlar ki, Azərbaycanla münasibətlər onlar üçün kritik əhəmiyyət daşıyır. Məsələn, İranın çoxlu sayda qonşusu var, amma təhlükəsiz və işlək kommunikasiya xətlərini hər ölkə üzərindən qura bilmir. İran hazırda ciddi iqtisadi təzyiqlərlə və müəyyən mənada blokada elementləri ilə üz-üzədir. Neft ixracı, texnologiya və müxtəlif məhsulların idxalı onlar üçün problemə çevrilib. Oxşar vəziyyət müəyyən mənada Rusiya üçün də keçərlidir. Bu baxımdan Azərbaycan həm tranzit, həm logistika, həm də regional kommunikasiya baxımından vacib tərəfdaşa çevrilib. Biz gördük ki, Azərbaycana təzyiq göstərmək cəhdləri real nəticə vermədi. Azərbaycan həm siyasi, həm diplomatik, həm də iqtisadi baxımdan bu təzyiqlərə davam gətirdi və öz mövqeyini qorudu. İndi münasibətlər daha çox praktik maraqlar və qarşılıqlı fayda prinsipi üzərində qurulur. Mən hesab edirəm ki, hazırkı siyasi şəraitdə Azərbaycan və Rusiya arasında strateji müttəfiqlikdən danışmaq çətindir. Amma normal və neytral münasibətlərin qurulması həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına uyğundur. Düşünürəm ki, proses də bu istiqamətdə davam edəcək. Çünki açıq qarşıdurma heç bir tərəfin maraqlarına uyğun deyil. Digər tərəfdən, Azərbaycana təzyiq göstərmək istəyən qüvvələr də gördülər ki, Bakı artıq əvvəlki kimi passiv davranmır və lazım gəldikdə daha sərt cavab verməyə hazırdır. Bu həm Rusiyaya, həm İrana, həm də müəyyən mənada Fransa və Avropa İttifaqına aid mesajdır. Biz gördük ki, Azərbaycan Avropa Parlamenti və digər beynəlxalq platformalarda öz mövqeyini kifayət qədər sərt və açıq şəkildə ifadə etdi. Mesaj ondan ibarət idi ki, əgər qarşılıqlı hörmət və normal münasibət qurmaq istəmirsinizsə, onda münasibətlərin formal xarakter daşımasının da xüsusi mənası yoxdur. Bu baxımdan Azərbaycan hazırda daha çox neytral, praqmatik və öz suveren hüquqlarını prioritet hesab edən siyasət yürüdür.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
50
azpolitika.info

10Источники