Bizimyol saytına istinadən ain.az xəbər verir.
Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin I Sammiti çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.
Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında siyasi dialoq, qarşılıqlı səfərlər və parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb. Sahibə Qafarova qarşı tərəfi Azərbaycan–Ermənistan sülh prosesi barədə məlumatlandırıb, Monteneqro tərəfi isə regionda sülhün bərqərar olunmasını həm Azərbaycan, həm də Ermənistan üçün siyasi qələbə kimi qiymətləndirdiyini bildirib. Tərəflər əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq platformalarda bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Monteneqronun Azərbaycan–Ermənistan sülh prosesini hər iki tərəfin siyasi qələbəsi kimi qiymətləndirməsi regionda beynəlxalq dəstəyin gücləndiyini göstərirmi?
Milli Məclisin deputatı Vasif Qafarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova ilə Monteneqro parlamentinin sədri Andrija Mandiç arasında keçirilən görüş Azərbaycanın xarici siyasətində formalaşan yeni regional və beynəlxalq diplomatik konfiqurasiyanın mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər. Görüş zamanı Azərbaycan–Ermənistan sülh prosesinə verilən siyasi dəstək, parlament diplomatiyasının rolunun vurğulanması və regionda sabitliyin vacibliyinin qeyd olunması təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın dövlət maraqlarına xidmət edən daha geniş geosiyasi xəttin göstəricisidir.
Deputat vurğulayıb ki, Azərbaycanın əsas dövlət maraqlarından biri postmünaqişə dövründə regionda davamlı sülhün təmin olunması, suverenliyin beynəlxalq səviyyədə möhkəmləndirilməsi və yeni əməkdaşlıq mühitinin formalaşdırılmasıdır: “Bu baxımdan Monteneqro kimi Avropa siyasi məkanında yer alan bir dövlətin Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləməsi mühüm diplomatik nəticə hesab oluna bilər. Xüsusilə Andrija Mandiçin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasını “hər iki tərəfin siyasi qələbəsi” kimi qiymətləndirməsi diqqət çəkən siyasi mesajdır. Bu yanaşma göstərir ki, beynəlxalq müstəvidə artıq sülh prosesi “qalib–məğlub” yanaşması ilə deyil, regional sabitlik və qarşılıqlı təhlükəsizlik kontekstində qəbul olunur”.
Deputat hesab edir ki, bu cür beynəlxalq dəstəyin sülh prosesinə təsiri kifayət qədər əhəmiyyətlidir. İlk növbədə, beynəlxalq siyasi dəstək Ermənistan üzərində əlavə diplomatik təzyiq formalaşdırır və sülh sazişinin imzalanmasını gecikdirən qüvvələrin manevr imkanlarını zəiflədir. İkinci mühüm məqam ondan ibarətdir ki, Avropa dövlətlərinin Azərbaycanın təqdim etdiyi sülh gündəliyinə pozitiv yanaşması Bakı üçün əlavə siyasi legitimlik yaradır. Bu isə xüsusilə Qərb platformalarında Azərbaycanın “sülh təşəbbüskarı dövlət” imicinin güclənməsinə xidmət edir.
Vasif Qafarovun fikrincə, Monteneqronun mövqeyi Azərbaycan üçün strateji baxımdan önəmlidir. Balkan regionu Avropa İttifaqı və NATO ilə sıx inteqrasiya prosesində olan bir coğrafiyadır. Bu region dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və postmünaqişə reallıqlarını qəbul etməsi beynəlxalq müstəvidə Bakının mövqelərinin möhkəmlənməsinə töhfə verir.
“Görüşdə parlamentlərarası əməkdaşlığın xüsusi vurğulanması da təsadüfi deyil. Müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyası dövlətlərin yumşaq güc siyasətinin mühüm alətlərindən biridir. Azərbaycan son illərdə bu istiqamətdə fəal siyasət yürüdür. Spiker Sahibə Qafarovanın müxtəlif ölkələrə səfərləri, parlamentlərarası dostluq qruplarının genişləndirilməsi və qanunverici orqanlar arasında institusional əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin yeni elementlərindən birinə çevrilib. Monteneqro ilə əlaqələr də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər”, – deyə Vasif Qafarov bildirib.
Onun sözlərinə görə, Azərbaycan–Monteneqro münasibətlərinin mövcud səviyyəsi siyasi baxımdan müsbət dinamika nümayiş etdirir. İki ölkə arasında diplomatik münasibətlər, qarşılıqlı siyasi təmaslar intensivləşib, yüksək səviyyəli səfərlər artıb və parlament platformalarında əməkdaşlıq genişlənib. Bu münasibətlər Azərbaycanın Balkan siyasətində yeni dayaq nöqtələrinin formalaşması baxımından əhəmiyyətlidir. Bakı üçün Balkan regionunda dost və tərəfdaş dövlətlərin sayının artması Avropa siyasi institutları ilə əlaqələrin dərinləşdirilməsi baxımından əlavə üstünlüklər yaradır.
Başqa mühüm məsələ isə enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilməkdədir. Balkan dövlətləri isə alternativ enerji mənbələrinə çıxış axtarışındadır. Bu baxımdan Azərbaycan–Monteneqro münasibətləri gələcəkdə iqtisadi və enerji əməkdaşlığı üçün də perspektivlər açır. Hazırda münasibətlər daha çox siyasi və diplomatik xarakter daşısa da, gələcəkdə iqtisadi əməkdaşlığın genişlənməsi istisna edilmir.
“Ümumilikdə, spiker Sahibə Qafarova ilə Andrija Mandić arasında keçirilən görüş Azərbaycan üçün həm siyasi, həm diplomatik, həm də strateji baxımdan əhəmiyyətli hadisə hesab oluna bilər. Monteneqronun Azərbaycan–Ermənistan sülh prosesinə verdiyi dəstək Azərbaycanın dövlət maraqlarına uyğun beynəlxalq mühitin formalaşdığını göstərir. Bu proses Azərbaycanın regionda lider dövlət kimi mövqelərinin möhkəmlənməsinə, postmünaqişə dövründə siyasi legitimliyinin artmasına və Avropa siyasi məkanında tərəfdaş şəbəkəsinin genişlənməsinə xidmət edir”, – deyə Vasif Qafarov bildirib.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.