RU

FT: Aİ Ukraynadakı müharibə ilə bağlı Putinlə mümkün danışıqlara hazırlaşır

Avropa İttifaqı liderləri ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Ukraynadakı müharibənin dayandırılması üzrə danışıqlardan narazılıq fonunda Rusiya Prezidenti Vladimir Putinlə mümkün təmaslara hazırlaşırlar...

Poliqon-nun məlumatına görə, bu barədə Financial Times yazıb.

Avropa Şurasının Prezidenti Antoniu Koşta hesab edir ki, Avropa İttifaqının Rusiya ilə danışıqlar aparmaq potensialı var. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski də bu yanaşmanı dəstəkləyir.

"Mən Aİ-yə üzv 27 ölkənin lideri ilə danışaraq fəaliyyətimizi necə təşkil etməyin daha məqsədəuyğun olduğunu və uyğun məqam yetişəndə Rusiya ilə hansı məsələləri effektiv müzakirə etməli olduğumuzu müəyyənləşdirirəm", deyə Koşta bildirib.

Onun sözlərinə görə, ötən ay Kiprdə keçirilən Aİ liderlərinin sammiti zamanı Zelenski danışıqlara müsbət töhfə verməyə hazır olmağı Avropa tərəfinə tövsiyə edib.

Materialda qeyd olunur ki, ABŞ-nin rəhbərlik etdiyi danışıqlar prosesində ciddi nəticələrin əldə olunmaması bir çox Avropa liderini narahat edir. Bundan əlavə, Avropa İttifaqı bu danışıqlarda təhlükəli şəkildə təcrid olunmuş vəziyyətdədir və blok razı olmadığı bir razılaşmanı qəbul etməyə məcbur qala bilər.

Koşta vurğulayıb ki, Aİ Trampın rəhbərlik etdiyi prosesə müdaxilə etməkdən çəkinəcək. O həmçinin etiraf edib ki, Kremlin tərəfindən Putinin Aİ nümayəndələri ilə danışıqlara hazır olduğuna dair heç bir siqnal verilməyib.

"Bəli, belə bir imkan Putinlə danışıqlar aparmaq] mövcuddur. Amma hazırda heç kim Rusiyanın ciddi danışıqlara həqiqətən hazır olduğuna dair əlamət görmür", deyə o bildirib.

Ukrayna Prezident Ofisinin adı açıqlanmayan nümayəndəsi də Koşta ilə aparılan müzakirələri təsdiqləyib.

"Bizə Avropa səviyyəsində daha böyük koordinasiya lazımdır", deyə ukraynalı rəsmi bildirib. Onun sözlərinə görə, bu, bütün avropalılar adından Rusiya ilə danışıqlar apara biləcək liderin müəyyənləşdirilməsi formasını ala bilər ki, Moskvaya daha güclü təzyiq göstərilsin.

Nəşr əlavə edir ki, Aİ-yə üzv 27 ölkə arasında belə danışıqlarda bloku kimin təmsil etməli olduğu barədə konsensus yoxdur. Həmçinin danışıqların nə vaxt başlamalı olduğu və Putinə hansı təkliflərin veriləcəyi də hələ müəyyən edilməyib.

Poliqon.info

Избранный
15
50
poliqon.info

10Источники