Güclü vulkan püskürməsi zamanı Çin və Sinqapur vətəndaşları həyatını itirib, onlarla insan isə bölgədə köməksiz vəziyyətdə qalıb...
Indonesianın şərqində yerləşən Mount Dukono vulkanının güclü püskürməsi nəticəsində iki xarici turist həlak olub.
Poliqon xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib. Məlumata görə, həyatını itirən şəxslər alpinist olub və onlar Çin ilə Sinqapur vətəndaşlarıdır.
Şimali Halmahera adasının polis rəsmiləri bildiriblər ki, vulkan ətrafında vəziyyət son dərəcə təhlükəli olaraq qalır. Hazırda təxminən 20 nəfərin bölgədə blokadada qaldığı qeyd olunur. Xilasetmə xidmətləri çətin hava və relyef şəraitinə baxmayaraq axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Detik portalının yaydığı məlumata əsasən, püskürmə yerli vaxtla səhər saatlarında baş verib. İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzi (PVMBG) bildirib ki, vulkan 2:41 radələrində aktiv fazaya keçib.
Rəsmi məlumatlara görə, püskürmə nəticəsində kül və tüstü sütunu kraterdən təxminən 10 min metr yüksəkliyə qalxıb. Bölgədə güclü külək səbəbindən vulkan külünün geniş əraziyə yayıldığı bildirilir.
Ekspertlər qeyd edirlər ki, Dukono vulkanı İndoneziyanın ən aktiv vulkanlarından biri hesab olunur və mütəmadi olaraq kül püskürmələri ilə müşahidə edilir. Vulkanın hündürlüyü dəniz səviyyəsindən təxminən 1,3 kilometrdir və onun zirvəsində yeddi krater yerləşir.
Mütəxəssislərin fikrincə, bugünkü püskürmə son dövrlərin ən güclü vulkan aktivliklərindən biri sayılır. Hazırda bölgədə təhlükə səviyyəsi yüksək olaraq qalır və yerli əhaliyə, eləcə də turistlərə vulkan ətrafına yaxınlaşmamaq tövsiyə edilir.
İndoneziya Sakit okeanın “Odlar halqası” adlanan seysmik zonasında yerləşdiyi üçün ölkədə tez-tez zəlzələ və vulkan püskürmələri baş verir. Ölkə ərazisində yüzlərlə aktiv vulkan fəaliyyət göstərir və onların bir çoxu daimi müşahidə altındadır.
Poliqon.info