RU

Artan istehsal fonunda kinoya maraq niyə zəifdir?

Son illərdə Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərin sayı artsa da, həm tamaşaçı marağı, həm də beynəlxalq uğurlar baxımından geniş müzakirələrə səbəb olur. Mədəniyyət Nazirliyinin dəstəyi ilə müxtəlif istiqamətlərdə-Qarabağ Zəfəri, tarixi yaddaş və milli mövzular üzrə bir sıra layihələr reallaşdırılıb. “Həyat deyəsən gözəldir” (Fəryad-2) – Vaqif Mustafayevin rejissorluğu ilə Qarabağ müharibəsi mövzusunda çəkilmiş dram, “Məryəm” , “Nargin”, “Zəfər” silsiləsi – Vətən müharibəsi şəhidlərinə və qəhrəmanlarına həsr olunmuş qısametrajlı sənədli filmlər, “Mən buradayam, ilahi”, “Akinak” kimi filmlərin adını çəkmək olar.

 

Mütəxəssislərin fikrincə, Azərbaycan kinosunda müşahidə olunan durğunluğun bir neçə əsas səbəbi var. Ən çox vurğulanan problemlərdən biri ssenari qıtlığıdır. Bir çox film texniki baxımdan inkişaf etsə də, dramaturji struktur, dialoqlar və hekayə quruculuğu müasir tamaşaçını tam inandıra bilmir. Digər mühüm məsələ mövzu məhdudiyyətidir. Uzun illər kino əsasən müharibə və tarixi dramlar üzərində qurulub. Halbuki gündəlik həyat, sosial problemlər və fərqli janrlar – komediya, fantastika, psixoloji dram – kifayət qədər inkişaf etməyib. Bundan başqa, dünya kino sənayesində proses daha çox prodüser mərkəzləri tərəfindən idarə olunduğu halda, Azərbaycanda bu funksiya hələ də əsasən rejissorların üzərində qalır.

 

Filmlər niyə geniş auditoriyaya çatmır?

 

Dövlət büdcəsi ilə çəkilən filmlərin kinoteatrlarda zəif gəlir gətirməsinin səbəbləri də çoxşaxəlidir:

 

Reklam üçün yetərli büdcənin ayrılmaması, tamaşaçıların filmdən çox gec xəbər tutması və s. Filmlərin daha rəsmi, nəsihətçi və emosional baxımdan zəif olması kimi məsələlər də var. Yerli istehsal “yüngül komediya” filmlərinin daha geniş auditoriya toplaması, bölgələrdə kinoteatr şəbəkəsinin zəif olması və əlçatanlıq problemi də danılmazdır.

 

Kinoşünas, əməkdar mədəniyyət işçisi və əməkdar incəsənət xadimi Aydın Kazımzadə Pravda.az-a açıqlamasında deyib ki, keyfiyyətli filmlər çəkilsə də, onların bir qismi tamaşaçıya çatmır.

 

Onun fikrincə, əsas problem informasiya çatışmazlığı və yayım sistemindəki boşluqlardır: “Yaxşı filmlərin çəkilmədiyini kim deyir? Filmlər var, amma tamaşaçıların bundan nə qədər xəbəri var?”

 

O həmçinin qeyd edir ki, televiziyalar çox vaxt bu filmləri yayımlamır, çünki yayıma görə əlavə vəsait tələb olunur. Nəticədə daha yüngül, kommersiya yönümlü filmlər ekranlarda üstünlük təşkil edir.

 

Aygün İbrahimli

Tarix: 8 May 2026, 14:38   
Избранный
35
pravda.az

1Источники