ain.az, Unikal.az portalına istinadən məlumat verir.
Mayın 8-də Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro 2026” çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu” keçirilib.
"Unikal"ın məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, son illərdə sahədə həyata keçirilən islahatlar, tətbiq olunan innovativ yanaşmalar və müasir texnologiyalar kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir: “Bu prosesdə dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bugünkü forum da məhz bu əməkdaşlığın daha da gücləndirilməsi, dövlət və özəl sektorları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və yeni imkanların müəyyən edilməsi baxımından önəmli platformadır”.
Nazir ölkədə aqrar sektorun sürətli inkişaf mərhələsində olduğunu və bu prosesdə ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində dövlət-özəl tərəfdaşlığı məsələsinə toxunub. O qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və qida təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiqi məhsuldarlığın artmasına və itkilərin azalmasına mühüm töhfə verir. Eyni zamanda, ixrac prosedurlarının rəqəmsallaşdırılması və operativliyin artırılması nəticəsində 2025-ci ildə Azərbaycandan rekord həcmdə - 187 min ton xurma və 173 min ton pomidor ixrac olunub. Ümumilikdə 73 ölkəyə kənd təsərrüfatı məhsulları göndərilib.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev bölgənin spesifik coğrafi və iqlim xüsusiyyətlərinin aqrar sahədə yeni yanaşmaların tətbiqini zəruri etdiyini qeyd edib: "Məhz bu səbəbdən müasir suvarma texnologiyalarının tətbiqi, intensiv bağçılığın və istixana təsərrüfatlarının inkişafı, yerli toxumçuluğun gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Naxçıvanda orqanik və ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də əlverişli şərait var".
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov vurğulayıb ki, yeni çağırışlara cavab verilməsi üçün güclü insan kapitalının formalaşdırılması həlledici amildir. Müasir kənd təsərrüfatında yalnız ənənəvi deyil, innovativ düşüncə, texnoloji biliklər və sahibkarlıq bacarıqları ilə zəngin mütəxəssislərə ehtiyac vardır: “ADAU bu istiqamətdə mühüm missiya həyata keçirərək, peşəkar mütəxəssislərin hazırlanması işinə mühüm töhfələr verir”.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Caspian Agro Week” çərçivəsində təşkil olunmuş forum, konfrans və dəyirmi masaların əhəmiyyətinə toxunub. Belə tədbirlərin aqrar sahədə innovasiyaların təşviqi, qabaqcıl təcrübələrin paylaşılması, dövlət və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Daha sonra aqrar sahədə səmərəli fəaliyyəti ilə seçilən fermerlərin təltif olunması mərasimi keçirilib. Təltiflər kənd təsərrüfatının müxtəlif istiqamətlərində uğur qazanan fermerlərin fəaliyyətinin təşviq olunmasına və onların motivasiyasının artırılmasına xidmət edib.
Forum çərçivəsində keçirilən panel müzakirələrində əkinçilik, bitkiçilik, gülçülük, heyvandarlıq, balıqçılıq, quşçuluq, aqrar emal sənayesi və dayanıqlı kənd təsərrüfatı istiqamətləri üzrə aktual çağırışlar və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub.













Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.