RU

İsrail mediası: “Türkiyə Mavi Vətən imperiyası qurur”

ain.az bildirir, Sherg.az portalına istinadən.

İsrail mediası Türkiyənin son illərdə dənizlərdə formalaşdırdığı yeni gücün Tel-Əvivdə ciddi narahatlıq yaratdığını yazıb. Analizdə Ankaranın addımları “İsraili strateji şəkildə mühasirəyə alan xətt” kimi qiymətləndirilib.

Sherg.az xəbər verir ki, İsrailin aparıcı televiziya kanallarından "Kanal 13 İsrail" yayımladığı təhlildə Rəcəb Tayyib Erdoğan liderliyində Türkiyənin “Mavi Vətən” doktrinasını mərhələli şəkildə həyata keçirdiyi vurğulanıb. Bildirilib ki, Ankaranın Aralıq dənizindən Afrika Buynuzuna qədər uzanan təsiri İsraili strateji baxımdan “əhatəyə almağa başlayıb”.

“Türk gücü Tel-Əvivi sıxışdırır”

Analizdə qeyd olunur ki, Ankara artıq yalnız diplomatik bəyanatlarla deyil, hərbi bazalar, güclü donanma, enerji təşəbbüsləri və NATO dəstəyi ilə hərəkət edir. "Kanal 13" Türkiyənin qurduğu yeni geosiyasi xəttin “İsraili sıxışdıracaq səviyyəyə çatdığını” iddia edərək, “bölgədəki türk gücünün qolları ahtapot kimi Tel-Əvivi sıxır” bənzətməsini işlədib.

“Türkiyənin hədəfi açıqdır”

Məqalədə “Mavi Vətən” konsepsiyasının təkcə dəniz səlahiyyət zonaları ilə məhdudlaşmadığı qeyd olunur. Bildirilir ki, Ankaranın əsas məqsədləri Qara dənizlə Aralıq dənizi arasındakı keçid yollarına nəzarət etmək, Şərqi Aralıq dənizində enerji balansında söz sahibi olmaq və Avropaya uzanan enerji dəhlizlərində təsirini artırmaqdır. Eyni zamanda Türkiyənin boğazlara nəzarətinin Qərb üçün strateji əhəmiyyət daşıdığı vurğulanır.

“Ciddi həyəcan siqnalı”

Analizdə Türkiyənin xüsusilə Suriya, Liviya, Somali və Qəzza istiqamətlərində artan təsirinin Tel-Əvivdə ciddi narahatlıq yaratdığı qeyd olunur. Suriyadakı hərbi varlığın İsrailin şimal əməliyyatlarını çətinləşdirdiyi, Liviya ilə imzalanmış dəniz razılaşmasının isə Şərqi Aralıq dənizində enerji planlarına təsir etdiyi bildirilir.

“Halqa daralır”

İsrail mediası Türkiyənin Somalidəki hərbi bazasını da “həssas təhlükə” kimi qiymətləndirib. Analizdə Ankaranın Bab əl-Məndəb boğazı yaxınlığındakı fəaliyyətinin Qırmızı dənizdə İsrailin ticarət və təhlükəsizlik xətlərinə təsir göstərə biləcəyi iddia olunur. Türkiyənin Liviyadan Somaliyə qədər uzanan hərbi şəbəkəsinin “İsrail ətrafında halqanı daraltdığı” qeyd edilib.

“Birbaşa çağırış”

Qəzza mövzusu isə təhlildə xüsusi yer tutub. Bildirilib ki, Türkiyənin atəşkəsdən sonra bölgəyə yönəlmiş infrastruktur təşəbbüsləri, hərbi dəstək və qoruyucu qüvvə təklifləri onun bölgədə rolunu gücləndirib. Ankaranın Fələstin məsələsində sərt mövqeyinin müsəlman dünyasında geniş dəstək qazandığı və bunun Tel-Əviv üçün “birbaşa çağırış” kimi qiymətləndirildiyi vurğulanıb.

Hərbi balans və NATO faktoru

Təhlildə Türkiyə ilə ABŞ arasında münasibətlərin yeni mərhələsinin İsraildə narahatlıq yaratdığı da qeyd olunub. Donald Tramp ilə 2025-ci ildə keçirilən görüşdən sonra Türkiyənin F-35 proqramına qayıtmaq ehtimalının Tel-Əvivdə “strateji risk” kimi qiymətləndirildiyi bildirilib.

Eyni zamanda Türkiyənin NATO üçün “əvəzolunmaz ölkə” olduğu vurğulanaraq, Qərbin Ankaraya qarşı sərt addımlar atmamasının səbəbi kimi onun geosiyasi çəkisi göstərilib.

“Tel-Əviv üçün vəziyyət çətinləşir”

"Kanal 13"-ün məlumatına görə, İsrail Türkiyənin artan təsirini balanslaşdırmaq üçün Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası ilə təhlükəsizlik əməkdaşlığını genişləndirir. Lakin Türkiyənin hərbi gücü, coğrafi üstünlüyü və regional nüfuzu səbəbindən Tel-Əvivin mövqeyinin getdikcə zəiflədiyi qeyd olunur.

Analiz belə yekunlaşdırılıb: Türkiyə artıq yalnız regional güc deyil. Ankara Aralıq dənizindən Qırmızı dənizə qədər uzanan xəttdə yeni geosiyasi nizam qurur və bu proses İsrail üçün ciddi strateji çağırış yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
sherg.az

1Источники