RU

7 qumbara, 2 avtomat, avtobusda cibgirlik, “Mercedes” qaçırılması – ölkədə kriminogen durum...

Azərbaycanda kriminal statistika yenə də narahatedici rəqəmlərlə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatlardan görünür ki, təkcə mayın 7-də ölkə üzrə onlarla cinayət faktı qeydə alınıb, müxtəlif əməliyyatlar zamanı silahlar, narkotik vasitələr aşkarlanıb, axtarışda olan şəxslər saxlanılıb.

DİN-in məlumatına görə, ötən gün ölkə ərazisində qeydə alınan 54 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Bununla yanaşı, axtarışda olan ümumilikdə 122 nəfər saxlanılıb. Onlardan 95-i borclu şəxs qismində axtarışda olub. Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər də polis tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Rəsmi məlumatda qeyd olunur ki, narkotiklərlə bağlı 24 fakt aşkarlanıb. Əməliyyat tədbirləri zamanı ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Bundan başqa, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilib.

Ən diqqətçəkən məqamlardan biri isə bir gün ərzində aşkarlanan silah arsenalıdır. Polis əməkdaşları paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 2 avtomat, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron götürüblər.

Qanunsuz silah dövriyyəsinə qarşı əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatlarda itkin düşmüş şəxslərlə bağlı statistika da yer alıb. Belə ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin kimi axtarılan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Polisin keçirdiyi əməliyyatlar zamanı dələduzluğa görə axtarışda olan 7 nəfər də saxlanılıb.
Paytaxtda qeydə alınan kriminal hadisələr arasında avtobusda cibgirlik faktı da var. Sabunçu rayonunda bir nəfərin ictimai nəqliyyatda olarkən mobil telefonunun oğurlanması barədə müraciətindən sonra keçirilən əməliyyat nəticəsində 48 yaşlı Adil Hüseynov saxlanılıb. Onun üzərindən metamfetamin də aşkar edildiyi bildirilir.

Xətai rayonunda isə “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı V.Axundov tutulub. Araşdırma zamanı onun başqa bir avtomobildən də oğurluq etdiyi üzə çıxıb.

Binəqədi rayonunun Xocəsən qəsəbəsində “Xəzər” markalı avtomobildən maqnitofon və dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən 36 yaşlı Ə.Şərifzadə və əvvəllər məhkum olunmuş A.Babayev də saxlanılıblar.

Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədəliyev,
Musavat.com

 

Избранный
38
musavat.com

1Источники