Qlobal logistika zəncirində Azərbaycanın tranzit potensialının artdığı və “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağın yenidən qurulduğu bir dönəmdə dəmir yolu nəqliyyatının idarə edilməsi yeni prioritetlər tələb edir. İqtisadi səmərəliliklə sərnişin məmnuniyyəti arasında balansın qurulması, rəqəmsallaşma maneələrinin aşılması və regional nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin təmin olunması bu gün “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) gündəliyində yer alan əsas məsələlərdir. QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və Azərtac-a müsahibəsində qurumun cari fəaliyyəti, beynəlxalq yükdaşımalar sahəsində görülən işlər, sərnişin məmnuniyyətinin artırılması və qarşıda duran strateji hədəflərlə bağlı mühüm məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik.
REAL Televiziyasından Elcan Məmmədov: Dəmir yolu sektoru strateji baxımdan yükdaşımaları ilə ölkə iqtisadiyyatında olduqca mühüm rol oynasa da, ictimai müzakirələrdə daha çox sərnişin daşımaları nəzərə çarpır. Həm iqtisadi maraqları, həm də sərnişin məmnuniyyətini necə balanslaşdırırsınız?
- Əlbəttə, doğru qeyd etdiniz, dəmir yollarında həm yükdaşımaları, həm də sərnişin daşımaları strateji əhəmiyyət kəsb edir. Gündəlik fəaliyyətimizdə onların arasında ciddi balans yaratmaq istəyirik. Yük daşımaları bizim ölkənin strateji tranzit potensialının daha səmərəli istifadəsi, onun iqtisadi və nəqliyyat gücündən daha faydalı istifadə olunması baxımından önəmlidirsə, sərnişin daşımaları bizim vətəndaşlar, sərnişinlər üçün nəqliyyat xidmətlərinə, o cümlədən dəmir yolu nəqliyyatı xidmətlərinə əlçatan imkanların yaradılmasından ibarətdir. Ona görə də gündəlik fəaliyyətimizdə həm kapital qoyuluşu ilə bağlı layihələrimizdə, həm də infrastrukturun modernləşdirilməsində, o cümlədən rəqəmsallaşma həllərimizdə mütləq bu balansı qorumağa çalışırıq.
Azərtac-dan Ceyhun Rüstəmov: Azərbaycan Dəmir Yolları hazırda həm ölkə daxilində, həm də regionda böyük dəmir yolu layihələri həyata keçirir. Qarabağdakı layihələr, Bakı-Tbilisi-Qars xəttinin modernləşdirilməsi, Astara terminalı, TRIPP layihəsi, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması kimi işlər hansı prioritetlər əsasında seçilir?
- İcazənizlə, ilk növbədə, azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən başlayım. Bu istiqamətdə iki mühüm layihəmiz var ki, bunlardan biri Ağdam-Xankəndi və ondan əvvəl isə Bərdə-Ağdam dəmir yolu xəttinin bərpası ilə bağlı idi. Bu istiqamətdə ötən il may ayının 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirildi. Daha sonra bu yolun sərnişinlər üçün istismara verilməsinin şahidi olduq. Hazırda yolun Ağdamdan Xankəndiyə qədər olan hissəsində işlərimiz sürətli şəkildə həyata keçirilir. Həm Ağdam-Xankəndi dəmir yolu xəttinin, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası ilə bağlı işləri sürətlə icra edirik.