RU

Nərimanov sakini icra hakimiyyətindən 100 min təzminat tələb edir: yaşayış binasındakı transformatorlara görə...

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nərimanov rayonunda elektrik transformatorları yaşayış binasının içində yerləşir. Sakinlər buna görə Nərimanov rayon İcra Hakimiyyətini ittiham edirlər. Çünki icra hakimiyyəti transformatorların köçürülməsi üçün “Azərişıq” ASC-yə torpaq sahəsi ayırmır.

Bizimyol.info xəbər verir ki, transformatorlar sakinlərə ciddi narahatlıq yaratdığından illərdir ki, onların binadan köçürülməsi üçün mübarizə aparırlar. 7 ildir ki, bu məsələ ilə bağlı məhkəmə müstəvisində də çəkişmə gedir.

Hələ 2020-ci ildə Ali Məhkəmə bu məsələ ilə bağlı yekun qərar verib. Qərara əsasən, “Azərişıq” ASC elektrik transformatorlarını yaşayış binasının daxilindən çıxararaq, kənarda yerləşdirməliydi.

Bundan sonra 2022, 2023, 2024-cü illərdə bir neçə dəfə “Azərişıq”a məktub göndərilib. Hər dəfə cavab gəlib ki, transformator məntəqəsinin yerinin dəyişdirilməsi məqsədilə torpaq sahəsinin ayrılması üçün ərazi üzrə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edilib.

Torpaq sahəsi ayrıldıqdan sonra transformator məntəqəsinin köçürülməsi məsələsinə baxılacaq.

Bir neçə belə cavabdan sonra sakinlərdən Rövşən Mövlanov özü də Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətində qeyd edib ki, torpaq sahəsinin ayrılmaması transformatorların köçürülməsilə bağlı məhkəmə qərarının icrasını da ləngidir. Binanın 1-ci mərtəbəsində yerləşən 3 ədəd transformator illərdir onlara ciddi narahatlıq yaradır:

“Məhkəmə aktının icra edilmədiyi bu illər ərzində mənəvi iztiraba məruz qalmışam. Mənzilimi tərk edib, başqa yerdə yaşamağa məcbur olmuşam”.

İcra Hakimiyyətindən isə cavab gəlib ki, 3 ədəd elektrik transformatorlarının yerinin dəyişdirilməsi üçün torpaq sahəsinin ayrılması qərara alınsa da, Nərimanov Rayon İcra Hakimiyyəti həmin məhkəmə işində tərəf olmayıb, üzərinə də hər hansı vəzifə öhdəliyi qoyulmayıb.

Bundan sonra o, Nərimanov Rayon İcra Hakimiyyətini məhkəməyə vermək qərarına gəlib. Hüquqlarının pozulduğunu qeyd edən Rövşən Mövlanov ona dəymiş mənəvi ziyana görə icra hakimiyyətindən 100 min manat da təzminat tələb edib.

Məhkəmə Nərimanov rayon sakininin icra hakimiyyətinə qarşı iddiasını təmin etməyib. Bununla belə, qərarda o da etiraf olunub ki, transformatorların köçürülməsilə bağlı qüvvəyə minmiş məhkəmə qərarı illərdir icra olunmamış qalıb.

Lakin məhkəmə qeyd edir ki, ziyana görə kompensasiya icra hakimiyyətindən istənilə bilməz. Əsas kimi isə bunu göstərir ki, Nərimanov rayon İcra Hakimiyyəti ilə şikayətçi arasında publik hüquq münasibətləri mövcud deyil.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
bizimyol.info

1Источники