Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 8 may, AZƏRTAC
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun “Azərbaycan nizamişünaslığının inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri” adlı elmi məqaləsi Kanadada Azərbaycan, türk, ingilis və fars dillərində nəşr olunan “Azerbaijan Post” qəzetində dərc olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Məqalədə Azərbaycan nizamişünaslığının formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri sistemli şəkildə təhlil olunub. Müəllif yazır ki, dahi Azərbaycan şair Nizami Gəncəvinin irsinin, məqbərəsinin qorunması, tədqiqi və dünya miqyasında təbliği məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və milli-mənəvi dəyərlərə söykənən strateji yanaşması sayəsində yeni mərhələyə qədəm qoyub. Xüsusilə sovet ideoloji məhdudiyyətlərinin mövcud olduğu bir dövrdə Nizami irsinə dövlət səviyyəsində diqqətin artırılması, onun yubileylərinin keçirilməsi və əsərlərinin nəşri istiqamətində atılan addımlar milli özünüdərk prosesinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Məqalədə həmçinin vurğulanır ki, Ümummilli Lider tərəfindən əsası qoyulan bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nizami Gəncəvinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, dünyanın müxtəlif ölkələrində abidələrinin ucaldılması Azərbaycan mədəniyyətinin qlobal miqyasda təbliği, müstəqillik işığında yeni fundamental tədqiqatların aparılması, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi bu strateji xəttin davamlılığının bariz təzahürüdür.
Elmi məqalə beynəlxalq ISSN və rəqəmsal obyekt identifikatoru (DOİ) nömrəsi ilə çap olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.