RU

“Fitch”: Hörmüz gərginliyi ilə bağlı neftin qiyməti iyula kimi 110 dollar civarında olacaq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi İranla münaqişə fonunda Hörmüz boğazının gözləniləndən daha uzun müddət bağlı qalacağı ehtimalını nəzərə alaraq 2026–2027-ci illər üzrə neft qiyməti proqnozlarını artırıb.

Reytinq agentliyi boğazın təxminən iyul ayında yenidən açılacağını ehtimal edir.

“Fitch”in qiymətləndirməsinə görə, müharibədən əvvəl Hörmüz boğazı vasitəsilə gündəlik 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulu daşınırdı. Bu, dünya üzrə gündəlik neft istehlakının təxminən 20%-nə bərabərdir.

Agentlik əvvəlki proqnozunda boğazın 1-2 ay bağlı qalacağını nəzərdə tuturdusa, hazırda bu müddəti təxminən 5 ay olaraq qiymətləndirir.

Reytinq agentliyinin proqnozuna görə, “Brent” markalı neftin qiyməti may–iyul aylarında bir barel üçün 100-110 ABŞ dolları diapazonunda qalacaq. “Fitch” sentyabr ayında qiymətin yenidən 70 dollara qədər azalacağını gözləyir. Ümumilikdə agentlik 2026-cı il üzrə neftin orta qiyməti proqnozunu 70 dollardan 87 dollara, 2027-ci il üzrə 63 dollardan 65 dollaradək artırıb.

“Fitch” hesab edir ki, boğaz yenidən açıldıqdan sonra regionun neft infrastrukturu ciddi zərər görmədiyi üçün hasilat bir neçə həftə ərzində normal səviyyəyə yaxınlaşacaq.

Agentlik bildirir ki, OPEC itirilmiş həcmləri kompensasiya etmək üçün hasilatı maksimum gücə yaxın səviyyəyə qaldıra bilər. Münaqişədən əvvəl kartelin sərbəst hasilat gücü gündəlik 3,6 milyon barel təşkil edib.

Bununla yanaşı, qeyri-OPEC ölkələrində gündəlik təxminən 3 milyon barel əlavə neft hasilatı artımı gözlənilir. Bunun 1,2 milyon bareli ABŞ və Latın Amerikası, əlavə 1 milyon bareli isə Qazaxıstan və Venesuelanın payına düşəcək.

“Fitch”in hesablamalarına görə, 2026-cı ilin yanvarında qlobal neft ehtiyatları 8,2 milyard barel olub. Bu həcm Hörmüz boğazı vasitəsilə daşınan neftin bir ildən çox müddətdə əvəzlənməsinə kifayət edir. Çin isə 1,2 milyard barel ehtiyata malikdir ki, bu da ölkənin Hörmüz marşrutu üzrə idxalını səkkiz aydan çox müddətə kompensasiya edə bilər.

MənbəAPA
Избранный
18
4
banker.az

5Источники