RU

​ZELENSKİNİN İCAZƏ VERDİYİ “QƏLƏBƏ PARADI”... “Hər tərəfdə qorxu və paranoya var...”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qərara alıram: 1. 2026-cı il mayın 9-da Moskvada (Rusiya Federasiyası) parad keçirilməsinə icazə verilsin…".

“AzPolitika” xəbər verir ki, Ukrayna Przeidenti Volodimir Zelenskinin Rusiya ilə müvəqqəti atəşkəsə dair fərmanında belə deyilir. Faktiki olaraq Kremlin ələ salındığı və aşağılandığı bu fərman Rusiya rəhbərliyinin “dünyanın ikinci ordusuna malik” ölkəni hansı acınacaqlı duruma gətirdiyinin göstəricisidir…

“CNN”-in paradla bağlı son reportajında deyilir ki, illərdir Kremlin hərbi qüdrətinin simvolu olan Rusiyanın 9 May paradı bu il daha sadə formatda keçirilir. Dron hücumları, gücləndirilmiş təhlükəsizlik tədbirləri və Ukraynadakı müharibə fonunda Moskva ənənəvi genişmiqyaslı hərbi texnika nümayişindən imtina edib və xarici jurnalistlərin meydana girişini məhdudlaşdırıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "mövcud əməliyyat vəziyyəti" səbəbindən Qırmızı Meydandakı parad ağır hərbi texnika nümayişi olmadan davam edəcək.

Son aylarda Ukrayna Rusiya ərazisinə, xüsusən də neft anbarlarına, neft zavodlarına və hərbi qurğulara qarşı dron hücumlarını gücləndirib. Bayram ərəfəsində pilotsuz təyyarə Moskvanın qərbindəki yaşayış binasına çırpılıb.

Təhdidlər fonunda Rusiya paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib - şəhərdə hava hücumundan müdafiə sistemləri yerləşdirilib və mobil operatorlar internet və rabitə məhdudiyyətləri barədə xəbərdarlıq ediblər.

"Putin hər şeyi nəzarətdə saxlayırmış kimi görünməyi sevir və Rusiya dövlətinin güclü görünməsini istəyir. Lakin bu paradla onun göndərdiyi mesaj buna uyğun deyil", - London Kral Kollecinin Rusiya siyasəti üzrə professoru Sem Qrin “CNN”-ə deyib. O, bu cür ehtiyatlı parad formatının Rusiya hökmdarının “xarakterinə uyğun olmadığını” əlavə edib.

Əvvəlki illərdən fərqli olaraq, bu ilki xarici qonaqların siyahısı da xeyli qısadır. Təsdiqlənmiş iştirakçılar arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Malayziya Kralı Sultan İbrahim İskəndər və Laos Prezidenti Thonqloun Sisoulit var. Həmçinin, Qazaxıstan və Özbəkistan lierləri də paradda olacaq.

Slovakiyanın Baş naziri Robert Fitso isə Putinlə görüşmək üçün Moskvaya gəlsə də, paradın özündə iştirak etmir.

Məlum olduğu kimi, 9 may ərəfəsində ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın 9-11 may tarixləri arasında üç günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Tərəflər "1000-in 1000-ə" prinsipi ilə genişmiqyaslı əsir mübadiləsi barədə də razılaşıblar.

Zelenski bununla bağlı deyib: "Qırmızı Meydan bizim üçün evə qaytarıla bilən ukraynalı əsirlərin həyatından daha az əhəmiyyətlidir".

Rusiyada iqtisadi problemlər və məhdudiyyətlər fonunda getdikcə daha çox sakin müharibədən yorğunluğunu açıq şəkildə ifadə edir.

"Artıq vaxtdır. İnsanlar ölür, maliyyə tükənir və hər cür məhdudiyyətlər tətbiq olunur", - deyə Moskva sakinlərindən biri “CNN”-ə bildirib. Hətta imperiya, işğalçılıq tərəfdarları arasında da müharibəyə son qoymaq çağırışları getdikcə daha çox eşidilir.

Beynəlxalq münasibətlər professoru Nina Xruşşova isə hesab edir ki, Kreml rəhbərliyinin qorxusu getdikcə daha da artır: "Paranoya və qorxu hər addımda hökm sürür".

Onun sözlərinə görə, Putin davamlı dron hücumlarından və siyasi liderlərə qarşı hücum, sui-qəsd nümunələrindən ciddi şəkildə narahatdır.

Sonda qeyd edək ki, müharibəni bitirməyin zamanının tam yetişdiyi artıq aşkar görünür. Kremldə bunu nə dərəcədə hiss etdiklərini demək çətindir. Həlik isə Moskva Zelenskinin icazəsilə, “qələbə paradı” keçirir…

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
68
azpolitika.info

1Источники