RU

Ümummilli Liderin həyat və fəaliyyəti fədakarlıq nümunəsidir

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edirik. İllər keçdikcə dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin  miqyasının  ölçüyəgəlməzliyi daha aydın görünür. Azərbaycan xalqının müstəqillik arzusunu əbədiləşdirən Ulu Öndər Heydər Əliyev adını tariximizə müstəqilliyimizin xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin  həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Bu mərhələdə Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı yenidən qurdu, dövlətçiliyimizin əsasları yaradıldı.  Azərbaycan müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, özbaşınalıqlarından xilas oldu, torpaqlarımızın işğalının qarşısı alındı, Azərbaycanın müstəqil dövlət kimi varlığı təsdiqləndi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal ətrafında birliyi yaradıldı, hər kəs müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşdi, yeni-yeni hədəflərə doğru inamlı addımlar atıldı. Azərbaycanı işıqlı yola çıxaran Ümummilli Liderin yaratdığı möhkəm təməl bundan sonra da ölkəmizin davamlı uğurlarını təmin edəcək. Azərbaycana  rəhbərliyinin hər iki dövründə ölkəmizin  müstəqilliyi naminə göstərdiyi xidmətləri ilə  Ümummilli Lider adını qazanan Heydər Əliyev bu çağırışı edirdi  ki, kim özünü təmsil olunduğu millətin övladı hesab edirsə,   canından artıq sevdiyi Vətəni onun üçün and yeri olmalıdır. Həmçinin bildirirdi ki, Vətən birdir, hamı bu Vətən üçün çalışmalıdır. Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ulu Öndərin hakimiyyətinin hər iki dövründə əsas hədəflərdən olub. Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələrindən biri idi. Uğurlu siyasəti ilə öncə ölkəmizdə sabitlik yaradan Ulu Öndər Heydər Əliyev bu çağırışı etdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Həmçinin dünya təcrübəsinə istinadən bu   reallığı da diqqətə çatdırdı ki, heç bir dövlət səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadənin təmin edilməsi əsas prioritet kimi qarşıda dayandı. Ümummilli Liderin böyük səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı.  Bununla da Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi təmin edildi. Öz təbii sərvətlərinin əsl sahibinə çevrilən xalq  özünə diqqət və qayğının şahidinə çevrildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın neft strategiyasının əsas tezislərindən biri budur ki, ölkənin neft ehtiyatları xalqa məxsusdur və bu sərvət təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.

Ümumilli Liderin həyata keçirdiyi kompleks tədbirlər yenidən qurulmuş Azərbaycanın hərtərəfli inkişafını təmin etdi. Ulu Öndər mənalı həyatının, siyasi fəaliyyətinin  məqsəq və məramını bu fikirləri  ilə ifadə etmişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq.” Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan artıq dünya birliyində öndə gedən flaqman kimi  uğurları ilə  hamının diqqətini cəlb edir. O, Azərbaycanı dünyada tanıtdı. Müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, beynəlxalq aləmdə özünü təsdiqləmək əsasdır. Bunun üçün ikitərəfli əməkdaşlıq, beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması, diaspor quruculuğu  vacib məsələlərdir. Bu gün beynəlxalq münadibətlər sistemində böyük rola malik olan Azərbaycan məhz o illərdə yaradılan möhkəm təmələ söykənir. Ümummilli Lider elə bir Azərbaycan qurdu ki, o, daim irəliyə, yeni-yeni zəfərlərə doğru irəliləməli, dünyanın diqqətində olmalıdır. Bu isə öz növbəsində Lider amilinin rolunu önə çəkir. Müstəqilliyimizin bərpasının ilk illərinə nəzər saldıqda  bunu aydın şəkildə görürük. Şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin  rəhbərliyi  dövrünün Azərbaycanı ilə 1993-cü ildən bu günədək  böyük inkişaf yolu keçən, uğurları, zəfərləri ilə hər kəsi heyrətləndirən Azərbaycanı müqayisə etmək mümkünsüzdür.

Qeyd etdiyimiz kimi, bu  zirvəyə yüksəlmək o qədər də asan olmamışdır. Bu uğurlar böyük qətiyyətin, səylərin nəticəsidir. Azərbaycana hansı sahədən baxsaq uğurlarımızla qürur duyuruq. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, belə güclü, qüdrətli Azərbaycanın vətəndaşıyıq.

Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri sırasında bu gün milyonların partiyasına çevrilən, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiyanın zamanın tələbi, xalqın istəyi ilə yaranması  o illərin reallıqlarının aydın mənzərəsini yaradır. 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Ümummilli Liderin həmin müraciətə cavabı sabaha olan ümidi artırdı. Belə ki, Ulu Öndər Heydər Əliyev cavabında Azərbaycanın düşdüyü vəziyyətdən xilasında belə bir partiyanın böyük rol oynacağına əminliyini ifadə etmişdi. Yarandığı gündən  ümumxalq partiyasına çevrilən Yeni Azərbnaycan Partiyası hər zaman dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edib və edir. Tutduğu yola sadiqlik   xalqın  sevgisini, etimadını daha da artırır. Bunu ölkəmizdə keçirilən seçki prosesləri bir daha təsdiqləyir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu. YAP-a xalqın inamı sonsuzdur. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. YAP nəinki ölkəmizdə, regionda aparıcı siyasi təşkilatdır. Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı bütün dövrlərdə partiyanın fəaliyyətinin bələdçisinə çevrilib. Hazırda tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar fonunda partiya yeni-yeni hədəflərin həyata keçirilməsinə verdiyi davamlı töhfələri ilə diqqətdədir.

2003-cü ildən başlanan Böyük Yolun davamı tarixi Zəfərimizlə dünyaya səs saldı. Ümummilli Lider Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti Azərbaycanın bugünkü zəfərlərinin əsası oldu. Ulu Öndər həmin müraciətdə cənab İlham Əliyevə Özü qədər inandığını, Onun gələcəyinə böyük inam bəslədiyini bildirdi. Bu inamı da ifadə etdi ki, Onun axıra çatdıra bilmədiyi  işləri, planları cənab İlham Əliyev başa çatdıracaq.  Heydər Əliyevin xalqa həmin müraciətində əksini tapan  çağırışlar, inam və etimad real həyatda öz  təsdiqini tapıb.  Hər zaman bu fikri böyük qürurla, fəxrlə qeyd edirik ki, dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri məhz  sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli Lider yetişdirməsidir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, məqsədyönlü daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, həm milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində  torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması  zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən qalib ölkənin qalib Lideri İlham Əliyevə milyonların sevgisi şəksizdir.

Prezident İlham Əliyev Ulu Öndərin arzusunu reallığa çevirdi. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Bu gün Azərbaycan Bayrağı Şuşada, Xankəndidə, Xocalıda, Cəbrayılda, Füzulidə, azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır. Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.

Heydər Əliyev yolu Azərbaycana möhtəşəm uğurlar qazandırır, müstəqillik tariximizin uğur səhifələri hər gün, hər an daha da zənginləşir. Azərbaycan qalib ölkənin qalib Lideri İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri sayəsində yeni-yeni hədəflərə doğru inamla addımlayır. Qarşıda bizi daha möhtəşəm uğurlar gözləyir.

Faqət Şadlinskaya,

YAP Bərdə rayon təşkilatının sədri

Избранный
2
1
yeniazerbaycan.com

2Источники