RU

Ucuz neft arzusu tarix olur?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması bir sıra amillərdən asılıdır.” 

Bu sözləri iqtisadçı ekspert Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində  İrana qarşı Amerika-İsrail müharibəsi başa çatdıqdan sonra neft qiymətlərinin hansı səviyyədə olacağı ilə bağlı sualı cavablandırarkən bildirib. Onun sözlərinə görə, hazırda bir sıra faktorlar neftin qiymətinə öz təsirini göstərir.

“Əgər münaqişə başa çatarsa, müəyyən dövr ərzində neftin qiymətində ucuzlaşma prosesinə şahidi olacağıq. Başlanğıc nöqtəsindən aşağı düşməsinə dair gözləntilər bir sıra faktorların təsiri ilə baş tuta və ya tutmaya bilər. Bununla bağlı birmənalı fikir bildirmək çətindir".

Hazırda bir sıra faktorlar neftin qiymətinə öz təsirini göstərir:

"Birincisi, İran neftinə tətbiq edilən embarqo götürüləcəkmi, yoxsa yox, bu, ən vacib amillərdən biridir. Bu, münaqişənin hansı formada sona çatacağından asılıdır. Əgər embarqo aradan götürülərsə, İran bir neçə il ərzində neft hasilatına investisiya yatıraraq dünya bazarlarına daha çox neft ixrac edə bilər. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri OPEK-dən çıxdı.

Bundan sonra Abu-Dabi bir neçə il ərzində gündəlik neft hasilatını təxminən 30 və ya 35 % artırmaq istiqamətində olacaq. Bu da bazarda əlavə təklif imkanı formalaşdıracaq. Münaqişədən sonra  Rusiya neftinə münasibətdə hansı mövqenin ortaya qoyulacağı da önəmli mövzudur. Bu da dünya bazarlarında neftin qiymətinin müəyyənləşməsinə təsir göstərəcək amildir".

Ekspert qeyd edib ki, indiki şərtlər daxilində dünya bazarında qiymətlərin stabil saxlamaq üçün Rusiyaya müəyyən güzəştlər edilib:

"Amma böyük ehtimalla bu amil də uzun çəkməyəcək. Rusiyaya münasibətdə əvvəlki və mövcud sanksiyaların müvəqqəti dayandırılması ilə bağlı qərar uzadılmayacaq".

R. Bayramov əlavə edib ki, ortamüddətli dövrdə ənənəvi enerji qiymətlərinin ucuzlaşması alternativ enerjiyə doğru yönələn investisiyaların həcmini ciddi şəkildə azaldan faktor kimi çıxış edir:

“Orta və uzunmüddətli dövrdə artan enerji tələbatının alternativ mənbələr hesabına kompensasiya edilməsi ənənəvi enerjiyə olan tələbatı qoruya bilər. Yəni bu, qiymətlərin sürətli şəkildə aşağı düşməsinin qarşısını alan başqa bir vacib amildir. Digər bir amili də nəzərə almaq lazımdır ki, süni intellekt texnologiyaları müvafiq istiqamətdə enerji tələbatı formalaşdırır".

Ekspert əlavə edib ki, əgər bu il ABŞ-də baş tutacaq Konqres seçkilərində demokratlar qalib gələrsə, tam fərqli məsələ gündəmə gətiriləcək:

“Tramp administrasiyasının enerji hasilatı ilə bağlı yanaşmasına qarşı tənzimliyici yanaşma tətbiq edilə bilər. Belə bir hal baş verərsə, bu, ABŞ-nin hazırda dünya bazarlarına təklif etdiyi neft hasilatına təsir göstərəcək. Bütün bunlarla yanaşı, maya dəyəri faktoruna da diqqət yetirmək lazımdır. Qeyd edim ki, texnologiyaların inkişafı maya dəyərinə azaldıcı təsir göstərirsə, inflyasiya və xərclərin artması da maya dəyərinə artırıcı təsir göstərir. Hesab edirəm ki, ortamüddətli dövrdə dünya bazarlarında neftin qiyməti sadaladığım bu amillər hesabına formalaşacaq”. 

Yunis Abdullayev

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
1
cebheinfo.az

2Источники