
Azərbaycan Memarlar İttifaqı və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.
Bu tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2025-ci il tarixli Sərəncamı ilə ölkəmizdə geniş qeyd olunan, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyinə həsr edilib.
Tədbir İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksində baş tutdu.
Tədbiri açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, təqdim olunan kitab üç dildə nəşr olunub. Bu kitab Azərbaycan memarlıq irsini o cümlədən Əcəmi Naxçıvaninin zəngin yaradıcılığını dünya ictimaiyyətinə daha yaxından tanıdır.
Xanım Raimkulova layihənin həyata keçirilməsində Azərbaycan Memarlar İttifaqının və nəşrin hazırlanmasında əməyi keçən hər kəsə xüsusi təşəkkürünü bildirib.
Həmçinin o vurğulayıb ki, 2025-ci il dekabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilən Türk Dilləri Ailəsi Günü çərçivəsində Əcəmi Naxçıvaninin 900 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunub.
Daha sonra Azərbaycan Memarlar İttifaqının sədri cənab Elbay Qasımzadə çıxış edib.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxışında bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan memarlığında Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş ən görkəmli memarlardan biridir.
O qeyd edib ki, Azərbaycan qədim və zəngin memarlıq ənənələrinə malik ölkədir. Təbriz, Naxçıvan, Şirvan-Abşeron və Qarabağ memarlıq məktəbləri əsrlər boyu özünəməxsus üslubu və bədii xüsusiyyətləri ilə seçilib. Dünya memarlıq tarixində mühüm yer tutub.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin video müraciəti iştirakçıların diqqətinə təqdim edilib.
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında bildirib ki, Azərbaycan torpağı əsrlər boyu istedadlı insanlar yetişdirib. Həmin görkəmli şəxsiyyətlər elə zəngin irs qoyublar. Azərbaycan tarixi dünya ictimaiyyətinə təqdim olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bu kitabı müstəqillik dövrünün baxışları fonunda sanballı və çox qiymətli nəşr kimi qiymətləndirib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması, həmçinin yubiley tədbirlərinin UNESCO-nun 2024–2025-ci illər üzrə əlamətdar hadisələr proqramına daxil edilməsi dahi memarın irsinin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. Möminə Xatun türbəsi və Yusif Küseyir oğlu türbəsi Azərbaycan memarlığının həm estetik, həm də mühəndislik baxımından ən nadir incilərindəndir.
Tədbirdə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini cənab İlqar İsbatov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri cənab Rüfət Mahmud, Millət vəkili Günay Əfəndiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digərləri iştirak ediblər.
Tədbirdə “Azərbaycan memarlıq irsinin dühası” kitabının müəllifi, AMEA Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpası problemləri” şöbəsinin müdiri, Memarlıq üzrə fəlsəfə doktoru Rahibə xanım Əliyeva çıxış edərək kitabın yazılmasını zəruri edən səbəblər haqqında danışıb, iştirakçılara Əcəminin dövrü, həyatı və yaradıcılığının bu nəfis tərtibatlı, illustrativ nəşrdə necə işıqlandırılması ilə bağlı ətraflı məlumat verib.
Təqdimat mərasimində çoxsaylı mötəbər qonaqların çıxışlarına da geniş yer verilib.
Tədbir bədii hissə ilə davam edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта