RU

Mingəçevir Dövlət Universiteti WURI 2026 beynəlxalq innovasiya reytinqində dünyanın “TOP 100” universitetləri sırasında yer aldı

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mingəçevir Dövlət Universiteti ali təhsil sahəsində innovasiya, tələbəyönümlü idarəetmə, sahibkarlıq ekosisteminin inkişafı və sosial təsir yönümlü fəaliyyətləri ilə beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Nüfuzlu World University Rankings for Innovation (WURI) 2026 beynəlxalq innovasiya reytinqinin nəticələrinə əsasən universitet iki mühüm kateqoriya üzrə dünyanın “TOP 100” universitetləri sırasında qərarlaşıb. Bununla da Mingəçevir Dövlət Universiteti WURI 2026 reytinqində nəticə əldə edən Azərbaycandan yeganə ali təhsil müəssisəsi olub.

Belə ki, universitet WURI 2026 reytinqinin “Sahibkarlıq mədəniyyəti və ekosistemi” (A4) kateqoriyası üzrə dünyanın ən yaxşı universitetləri arasında 73-cü yerə, “Tələbə dəstəyi və tələbə iştirakı” (A1) kateqoriyası üzrə isə 87-ci yerə layiq görülüb.

Əldə olunan yüksək nəticələr universitetdə tələbə dəstəyi və iştirakçılıq mexanizmlərinin gücləndirilməsi, innovasiya və startap ekosisteminin inkişafı, sahibkarlıq mədəniyyətinin təşviqi, tələbəyönümlü idarəetmə modelinin tətbiqi və sosial təsir yaradan təşəbbüslərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Son zamanlarda Mingəçevir Dövlət Universitetində müşahidə olunan elmi dinamika və institusional inkişaf meyilləri universitet rəhbərliyinin strateji baxışının uğurlu nəticəsi kimi diqqət çəkir. Bu keyfiyyətcə yeni inkişaf mərhələsinin mərkəzində universitetin rektoru Anar Eminovun təşəbbüskar fəaliyyəti, innovativ idarəetmə yanaşması və elmi inkişafı prioritet istiqamət kimi müəyyənləşdirən müasir rəhbərlik fəlsəfəsi dayanır.

Rektorun rəhbərliyi ilə həyata keçirilən ardıcıl modernləşmə siyasəti universitetdə elmi-tədqiqat fəaliyyətinin institusional əsaslarının daha da gücləndirilməsinə, yeni elmi platforma və strukturların formalaşdırılmasına, tədqiqat infrastrukturunun müasir texnologiyalar əsasında yenilənməsinə və beynəlxalq akademik əməkdaşlıqların genişləndirilməsinə yönəlib. Məhz bu məqsədyönlü fəaliyyət nəticəsində universitetdə innovasiya yönümlü akademik mühit formalaşıb, tələbə və gənc tədqiqatçıların elmi təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılıb.

Son illərdə universitetdə həyata keçirilən yaşıl kampus təşəbbüsləri, dayanıqlı inkişaf layihələri, tələbə innovasiya proqramları, sosial məsuliyyət fəaliyyətləri və beynəlxalq əməkdaşlıqlar Mingəçevir Dövlət Universitetinin qlobal innovasiya məkanındakı mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verib.

Universitetdə formalaşdırılan müasir idarəetmə modeli, çevik akademik mühit və beynəlxalqlaşma strategiyası əldə olunan uğurların davamlı xarakter almasına zəmin yaradır. WURI 2026 reytinqində qazanılan bu yüksək nəticə Mingəçevir Dövlət Universitetinin region universitetindən beynəlxalq innovasiya platformalarında söz sahibi olan müasir ali təhsil müəssisəsinə çevrilməkdə olduğunu nümayiş etdirir.

Qeyd edək ki, WURI reytinqi universitetləri yalnız ənənəvi akademik göstəricilər üzrə deyil, eyni zamanda innovativ idarəetmə, sosial təsir, sənaye əməkdaşlığı, sahibkarlıq ekosistemi, texnoloji inkişaf və dayanıqlı gələcək istiqamətləri üzrə qiymətləndirən nüfuzlu beynəlxalq reytinq platformalarından biri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
3
icma.az

8Источники