RU

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb - YENİLƏNİB

Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərindəki Mədəniyyət Evində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, rəsmi şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra səfiri Faiq Quliyev çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, bu münasibətlərin əsasını hər iki ölkənin milli maraqlara söykənən uzaqgörən siyasəti və liderlərin dövlətçilik təcrübəsi təşkil edir.

Səfir qeyd edib ki, Azərbaycan və Gürcüstan bu gün Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın əsas təminatçılarındandır.

Diplomat ümummilli lider Heydər Əliyevin regionun siyasi tarixində mühüm iz qoyduğunu qeyd edərək bildirib ki, onun müəyyən etdiyi strateji kurs bu gün də Azərbaycanın inkişafında əsas yol xəritəsidir.

Marneuli meri Daur İsmayılov isə çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və ölkənin inkişaf yolunun müəyyən edilməsində əvəzsiz rol oynadığını bildirib.

Tədbirin sonunda Gürcüstanda yaşayan Azərbaycan gənclərinin çıxışları dinlənilib, hər iki ölkənin milli rəqsləri təqdim olunub.

Gürcüstanda müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə anım tədbirləri keçirilir.

"Far.Az"un yerli bürosunun məlumatına görə, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, iş adamları, jurnalistlər və ictimaiyyət nümayəndələri Ümummilli Liderin Tbilisi şəhərindəki Heydər Əliyev adına parkda yerləşən abidəsini ziyarət ediblər.

Daha sonra Ulu Öndərin Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.

Hər iki şəhərdə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub, gül dəstələri düzülüb, onun xatirəsi ehtiramla yad edilib.

Избранный
32
far.az

1Источники