RU

Arif Babayevin qəbirüstü abidəsi müzakirə yaratdı, dosent nöqtəni qoydu - FOTO

Mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan "Şərqdə ilk muğam professoru” ifadəsi müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, tarix üzrə araşdırmaçı, dosent Zaur Əliyev də müzakirələrə qoşulub. O bu mövzuda mübahisəyə yer olmadığını söyləyib:

“Mərhum Arif dayı 1996-cı ildə Şərqdə xanəndəlik ixtisası üzrə professor adını alan ilk şəxsdir. O, sırf xanəndəlik (muğam ifaçılığı) ixtisası üzrə professor adını alan ilk sənətkardır. 
Özü də xüsusilə bildirim ki, mərhum Arif Babayev 1996-cı ildə bu adı alaraq muğam ifaçılığının bir akademik elm olduğunu rəsmiləşdirən şəxsdir və  akademik standartlara uyğun olaraq sənədləşdirilmiş ilk rəsmi addır və bunu tək biz yox dünya elmi təsdiq edir. 
Buna görə də qəbirüstü abidədə yazılan söz düzdür. Bunu müzakirə etməyin nə mənası var?”

Z.Əliyev musiqi sahəsindəki digər elmi adlardan da söz açıb:

“Şərqdə ilk professor adı 1940-cı ildə "Azərbaycan xalq musiqisinin əsasları" elmi tədqiqat işinə görə Üzeyir bəy Hacıbəyli alıb. İlk "musiqi professoru" məhz Üzeyir bəy olub. 
1940-cı ildə də Şərqdə ilk dəfə Bülbül musiqi elmi və vokal üzrə professor adını alıb.

Səid Rüstəmov da professor olub. Tarzən və bəstəkar kimi xalq musiqisinin tədrisi sahəsində ilk professorlardan biridir.

Ramiz Zöhrabovda  muğamın sırf nəzəri tərəfini elmi-akademik səviyyədə araşdıraraq professor adını alan ilk musiqişünaslardan hesab olunur.

Düzdür, Şərqdə - Özbəkistan və İranda digər muğam ustaları da olub, lakin onların adı professor kimi yox, “master” kimi tarixə düşüb".

Qeyd edək ki, A.Babayev ötən il avqustun 1-də dünyasını dəyişib.

Billurə Yunus

Избранный
5
1
olke.az

4Источники