RU

Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı təfərrüatlar məlum olub

“Politico”: Aİ-nin yeni sanksiyalar paketi bankları, hərbi-sənaye kompleksini və patriarx Kirilli hədəf ala bilər

Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin iyunun sonu və ya iyulun əvvəlində təqdim olunacağı gözlənilir. Yeni məhdudiyyətlər Rusiyanın bank sektorunu, hərbi-sənaye şirkətlərini və Rus Pravoslav Kilsəsinin nümayəndələrini, o cümlədən patriarx Kirilli əhatə edə bilər. Bu barədə “Politico” nəşri adı açıqlanmayan Aİ rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Rus Pravoslav Kilsəsinin nümayəndələrinə qarşı sanksiyalar daha əvvəl Macarıstanın sabiq baş naziri Viktor Orban hökuməti tərəfindən bloklanırdı.

Bundan əlavə, nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Avropa Komissiyası Aİ-nin Rusiya ilə əlaqələndirdiyi gəmilər üçün dəniz xidmətlərinə qadağa tətbiq olunması ideyasını yenidən gündəmə gətirə bilər. Bu təşəbbüsə indiyədək Malta və Yunanıstan qarşı çıxıb.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, üzv ölkələrin xarici işlər nazirləri mayın 11-də Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu planlaşdırırlar.

Mayın 8-də isə Reuters agentliyi yazıb ki, Aİ yaxın vaxtlarda Ukrayna uşaqlarının döyüş bölgəsindən təxliyəsində iştirak etdiklərinə görə Rusiya vətəndaşlarına qarşı fərdi sanksiyalar tətbiq etməyi planlaşdırır. Avropalı siyasətçilər bu prosesi “azyaşlıların qanunsuz deportasiyası” adlandırırlar.

S.ELAY

XQ

Избранный
14
1
xalqqazeti.az

2Источники