RU

Aİ-də Şreder qalmaqalı- Rusiya ilə təmaslar üçün seçilən namizəd Avropanı ayağa qaldırdı

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas Almaniyanın keçmiş kansleri Gerhard Şrederin Rusiya ilə danışıqlarda mümkün vasitəçiliyinə kəskin etirazını bildirib.

Musavat.com xəbər verir ki, Kallas Şrederin bu vəzifəyə təyin olunmasının Avropa maraqlarına zidd olduğunu vurğulayıb.

O, mayın sonunda Aİ ölkələrinin xarici işlər nazirlərinin Moskva ilə mümkün təmas formatlarını müzakirə edəcəyini təsdiqləsə də, Şreder fiqurunun qətiyyən qəbuledilməz olduğunu qeyd edib.

"Şreder Rusiya şirkətlərinin tanınmış lobbiçisidir. Əgər o, Aİ-nin nümayəndəsi olarsa, faktiki olaraq masanın hər iki tərəfində oturmuş olacaq", — deyə Kallas kəskin xəbərdarlıq edib.

Bu bəyanat Brüssel və Berlin arasında keçmiş kanslerin Kremlə yaxınlığı ilə bağlı uzun müddətdir davam edən gərginliyi yenidən alovlandırıb.

Kallasın fikrincə, vasitəçi tərəfsiz olmalı və ilk növbədə Avropanın təhlükəsizlik prinsiplərini qorumalıdır, Şrederin keçmiş fəaliyyəti isə buna imkan vermir.

Ekspertlər hesab edirlər ki, Aİ daxilində Rusiya ilə dialoq qurmaq istəyən qruplar Şreder variantını irəli sürsələr də, Şərqi Avropa ölkələri və Kallas kimi fiqurlar buna imkan verməyəcək.

Hazırda Moskva ilə münasibətlərin hansı formatda və kimin vasitəsilə aparılacağı ətrafında diplomatik qarşıdurma davam edir. Şrederin namizədliyi ətrafındakı bu skandal Aİ-nin xarici siyasətindəki ciddi fikir ayrılıqlarını bir daha büruzə verib. Nazirlərin may ayındakı toplantısında bu məsələnin əsas mübahisə mövzusu olacağı gözlənilir.

Musavat.com

Избранный
28
1
musavat.com

7Источники