"Prezident İlham Əliyev Zəngilana səfəri zamanı proqram xarakterli çıxış etdi. Dövlət başçımız ardıcıllıqla bütün faktları yenidən masa üzərinə qoydu. Azərbaycanın keçmişinə ekskursiya edərək tarixi Zəfəri necə əldə etdiyimiz haqqında dəqiq və müfəssəl məlumat verdi, habelə mövcud inkişaf perspektivlərinin düzgün dəyərləndirilməsinin önəmindən bəhs etdi".
Bu fikirləri Musavat.com-a Prezidentin Zəngilan səfərindəki çıxışını şərh edərkən Azərbaycan parlamentinin üzvü Azər Badamov deyib.

O xatırladıb ki, Azərbaycan illər ərzində ATƏT-in Minsk qrupundan ədalətli yanaşma gözləyərkən bu təsisat olduqca yarıtmaz bir fəaliyyətlə məşğul oldu:
"Bu qrupa üzv dövlətlər həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Sadəcə Azərbaycanla və yaxud da Cənubi Qafqazla bağlı mühüm qərarlar almırlar, dünyanın müxtəlif istiqamətlərində yaşayan xalqların taleyi ilə bağlı birbaşa qərarlar qəbul edirlər. Bu üç dövlət həm də nüvə dövlətidir. Deməli, Zəfərimizin miqyası olduqca böyükdür, çünki biz belə böyük dövlətlərlə baş-başa gəlmişik. Fərqli regionlara münasibət bir cür, Azərbaycana isə tamamilə başqa cür idi. BMT Təhlükəsizlik Şurasının qərarları lazım olanda icra edilirdi, Azərbaycana gəldikdə isə icra mümkünsüz bir vəziyyətə gəlmişdi. Prezident İlham Əliyev bu həqiqətləri dəfələrlə və açıq şəkildə səsləndirdi. İkili standartları hər zaman tənqid edirdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana səfərə gələn həmsədrlərə də öz kəskin münasibətini göstərdi ki, onları biz dəvət etməmişik və onların səfərinə heç bir ehtiyac yoxdur. Çünki həmsədrlərin etməli olduğu işi məhz Azərbaycan özü etdi".

Deputat bir məsələni xüsusi olaraq xatırladıb:
"Anji Kaspşik bölgəyə turistik səfərlər edirdi, Xankəndidə, İrəvanda bahalı villalar kirayələyirdi. Təbii ki, bunlar yolverilməz idi. Azərbaycan beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartları ifşa etdi. Məhz bu ikili standartlar fonunda biz bu reallığı yaratdıq və nəticə etibarilə ATƏT-in Minsk qrupunu tarixə göndərdik. Ermənistan həmin bu xarici güclərin diktəsi ilə siyasət həyata keçirirdi. Əgər onların siyasi, iqtisadi, hərbi, mənəvi dəstəyi olmasaydı, Ermənistan bunları edə bilməzdi. Bu gün də biz eyni tendensiyanın şahidiyik. Emmanuel Makron administrasiyası destruktiv fəaliyyət ortaya qoyur, müstəmləkəçilik siyasətinin qalıqlarını burada da tətbiq etməyə çalışır. Sülh gündəliyinə zərbə vurur, bölgəni revanşizm təhlükəsi ilə üz-üzə qoyur, regionda yaranan sabitliyə kölgə salır. Azərbaycan isə bütün bunların əksinə, sülh gündəliyini daha da aktual saxlayır, Qarabağ və Şərqi Zəngəzuru bərpa edir, insanları öz yurd-yuvalarına geri qaytarır, dayanıqlı sülh yaradır. Ermənistanın siması dağıdıcı, Azərbaycanın siması isə qurucudur. Bax, budur arada olan fərq.

Digər bir mühüm amil ondan ibarətdir ki, bu gün bəşəriyyət dünyanın müxtəlif istiqamətlərində yeni çağırışlarla üz-üzə qalıb. Enerji, ərzaq təhlükəsizliyi ilə bağlı risklər getdikcə artır, Yaxın Şərqdə azalmayan, əksinə, artan gərginliyin şahidiyik".
Azər Badamov qeyd edib ki, bu gərginliklər dövlətlərin iqtisadiyyatına mənfi təsir edir:
"Buna baxmayaraq, Azərbaycan atmış olduğu addımlarla sabit və təhlükəsiz bir mühit formalaşdırmağı bacarır. Azərbaycan sübut edir ki, regionda etibarlı tərəfdaşdır. Azərbaycan sülh yaratmaqla xarici investorları bölgəyə dəvət və cəlb edir. Hansı ki, bu amildən sadəcə Azərbaycan yararlanmayacaq, bölgə dövlətləri, bölgə xalqları bu inkişaf perspektivlərindən birbaşa faydalanacaqlar".
Cavanşir ABBASLI
Musavat.com