RU

Monqol prezidenti Putinə “qorxma”, dedi, Rusiyanı Monqol imperiyasının xəritəsində paylaşdı - Azərbaycan da…

Ukhnaagiin Khürelsükh Rusiya prezidenti Vladimir Putinin son çıxışından dərhal sonra sosial media hesabında diqqətçəkən paylaşım edib. Monqolustan lideri açıq şəkildə Putinə cavab xarakteri daşıyan paylaşımında tarixi Monqol imperiyasının xəritəsini yayımlayıb və “Narahat olmayın, biz sülhsevər və azad millətik” ifadəsini işlədib.

Musavat.com xəbər verir ki, paylaşım beynəlxalq mediada və sosial şəbəkələrdə birbaşa Kremlə mesaj kimi qiymətləndirilib. Xurelsuxun istifadə etdiyi “narahat olmayın” ifadəsi bir çox siyasi şərhçi tərəfindən Putinin “tarixi torpaqlar”, “imperiya mirası” və keçmiş təsir dairələri ilə bağlı ritorikasına ironik cavab sayılıb.

Paylaşımdakı xəritədə Çingiz xanın qurduğu tarixi Monqol imperiyasının sərhədləri göstərilib. Həmin sərhədlər daxilində indiki Rusiya ərazilərinin böyük hissəsi, Çin, Mərkəzi Asiya, İran, Qafqaz və Anadolu istiqamətləri yer alır. Xəritədə Azərbaycan da ayrıca qeyd olunub. Maraqlıdır ki, Monqolustan prezidenti Azərbaycanı sadəcə coğrafi ərazi kimi yox, məhz müasir dövlət atributu ilə təqdim edib – ölkənin yerləşdiyi hissədə indiki Azərbaycan bayrağı yerləşdirilib. Bu detal sosial şəbəkələrdə xüsusi diqqət çəkib və bir çox istifadəçi tərəfindən ayrıca müzakirə olunub.

Analitiklərin fikrincə, bu jest təsadüfi deyil. Çünki paylaşım yalnız qədim imperiyanın sərhədlərini göstərmək məqsədi daşımır, həm də Kremlin son illərdə tarix üzərindən qurduğu siyasi ritorikaya simvolik cavab xarakteri daşıyır. Mesaj faktiki olaraq belə oxunur: əgər dövlətlər keçmiş imperiyaların sərhədlərinə istinad etməyə başlayarsa, onda bugünkü dünyanın siyasi xəritəsi tamamilə fərqli görünə bilər. 

29a80ff3-59d9-405e-85df-7b7be895120b.jpg

Tarixi mənbələrə görə, XIII əsrdə yaranmış Monqol imperiyası dünya tarixinin ən böyük quru imperiyalarından biri olub. Çingiz xan və onun varisləri Şərqi Avropadan Çin dənizinə qədər uzanan nəhəng əraziləri nəzarətdə saxlayıblar. Rus knyazlıqları isə uzun müddət Qızıl Ordanın təsiri altında qalıb. Bir çox tarixçi Moskva dövlətçiliyinin formalaşmasında monqol-tatar idarəçilik sisteminin mühüm rol oynadığını qeyd edir.

Məhz buna görə də Monqolustan prezidentinin paylaşımı adi tarixi paylaşım yox, siyasi məna yüklü mesaj kimi qəbul olunur. Ukrayna müharibəsinin uzanması, Rusiyanın beynəlxalq nüfuzunun zəifləməsi və Kremlin “imperiya ritorikası”nın əvvəlki təsir gücünü itirməsi fonunda Putinə qarşı açıq və gizli ironiyalar getdikcə artır. Baltikyanı ölkələrdən Mərkəzi Asiyaya qədər müxtəlif siyasi çevrələrdə artıq Rusiyanın keçmiş imperiya iddiaları istehza ilə qarşılanır.

Monqolustan prezidentinin “narahat olmayın” qeydi ilə birlikdə paylaşdığı xəritə də bu yeni siyasi atmosferin ən diqqətçəkən simvollarından biri hesab olunur.

 

Musavat.com

Избранный
89
musavat.com

1Источники