RU

Bakı Limanı: “Gadamly” gəmisi Bakı-Türkmənbaşı xəttində konteyner daşımalarını artıracaq

“Azərbaycan Dəmir Yolları”nın (ADY) Bakı Beynəlxalq Dəniz Limanında Türkmənistanda inşa edilmiş “Gadamly” adlı ilk quru yük gəmisinin istifadəyə verilməsi Türkmənbaşı və Bakı limanları arasında yük dövriyyəsinin, o cümlədən konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Limanının direktoru Eldar Salahov bildirib.

Onun sözlərinə görə, yükgötürmə qabiliyyəti 6 100 ton olan gəmi 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malikdir.

Liman direktoru əlavə edib ki, qarşıdakı 3-4 ay ərzində, ən geci ilin sonunadək texniki imkanları eyni olan daha bir yeni gəminin istifadəyə verilməsi nəzərdə tutulur. Həmin gəminin adı “Mənzil” olacaq.

“İlin sonuna qədər konteyner daşımalarında Türkmənistanın Balkan Gəmiqayırma Zavodunda istehsal olunmuş iki yük gəmisinin - bu gün qarşıladığımız “Gadamly” və ilin sonuna hazır olacaq “Mənzil” quru yük gəmilərinin birgə istifadəsi nəzərdə tutulur”, - deyə Eldar Salahov vurğulayıb.

Qeyd edək ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarına cəlb olunacaq. Yeni gəminin istismara verilməsi Orta Dəhlizin cənub qanadı hesab olunan Avrasiya Nəqliyyat Marşrutunun inkişafı və konteyner daşımalarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Избранный
53
1
apa.az

2Источники