"Asia Pacific Far.Az" saytında Kanakidə (Yeni Kaledoniya) iyunun 28-də keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc olunub.
Bu barədə "Far.Az"a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Bildirilib ki, məqalədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı BTQ tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.
Məqalədə vurğulanıb ki, Fransa Baş nazirinin Kanakidə əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda, Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyənləşdirəcək. Bu baxımdan, proses kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və ərazinin gələcək siyasi statusu baxımından həlledici əhəmiyyət daşıyır.
Qeyd edək ki, cari ildə BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul olunub. Bəyanatda Komitə Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə Fransaya xəbərdarlıq edib və ciddi narahatlığını bildirərək vurğulayıb ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli Kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.
Seçkilər ərəfəsində adadakı Fransa hökumətinin 5-ci kalonu sayılan loyalislər Yeni Kaledoniyada doğulmuş şəxslərlə onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif edib. Bu təşəbbüs təxminən 10 min yeni seçicinin elektorata daxil edilməsinə səbəb ola bilər ki, bu da kanak xalqının siyasi təmsilçiliyinə və mövcud seçki balansına təsir göstərə biləcəyi üçün ciddi narahatlıq doğurur.
Xatırladaq ki, 2019-cu ildə keçirilmiş son əyalət seçkilərindən sonra 2024-cü ilə planlaşdırılan növbəti seçkilər üç dəfə təxirə salınıb. Fransa Konstitusiya Şurası seçkilərin ən geci bu il iyunun 28-dək keçirilməli olduğunu bəyan edib. Rəsmi Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, əslində seçkilər Yeni Kaledoniyanın siyasi gələcəyi və Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ baxımından strateji əhəmiyyət daşıyır.