RU

"Qarabağ" Dayanıqlılıq Hesabatını ictimaiyyətə təqdim etdi - Regionda ilk

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını (Sustainability Report) ictimaiyyətə təqdim edib.

Bu önəmli addım klubun idman sahəsi ilə yanaşı sosial məsuliyyət, ekoloji yanaşma və müasir idarəetmə prinsipləri istiqamətində də lider mövqeyini bir daha təsdiqləyir. Bu təşəbbüs yalnız Azərbaycanda deyil, bütövlükdə regionda bir ilkdir. “Qarabağ” eyni zamanda,Avropa komandaları arasında da bu istiqamətdə hesabat hazırlayan qabaqcıl klublardan biri kimi fərqlənir.

Fanat.Az xəbər verir ki, təqdim olunan hesabatda klubun aşağıdakı istiqamətlər üzrə fəaliyyəti geniş şəkildə əks olunub:
* Ekoloji dayanıqlılıq və resursların səmərəli idarə olunması
* Sosial məsuliyyət layihələri, inklüziv inkişaf təşəbbüsləri və icma ilə əlaqələr
* Korporativ idarəetmə və şəffaflıq prinsipləri

Hesabat, həmçinin klubun gələcək inkişaf strategiyasını, beynəlxalq standartlara uyğunlaşma istiqamətində atdığı addımları və uzunmüddətli dayanıqlılıq hədəflərini əhatə edir.
Qeyd edək ki, hesabat klubla əməkdaşlıq çərçivəsində dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan “Deloitte”un dəstəyi ilə hazırlanıb. Şirkət xüsusilə dayanıqlılıq hesabatlarının hazırlanması, ESG (Environmental, Social, Governance) standartlarının tətbiqi və korporativ şəffaflığın artırılması istiqamətində beynəlxalq təcrübəsi ilə tanınır.

“Qarabağ” ilə əməkdaşlıq çərçivəsində “Deloitte” hesabatın beynəlxalq standartlara uyğun
strukturlaşdırılması, məlumatların düzgün ölçülməsi və təqdim olunması, eləcə də qlobal hesabatlılıq prinsiplərinə inteqrasiya prosesinə metodoloji dəstək göstərib. Bu tərəfdaşlıq sənədin etibarlılığını və beynəlxalq səviyyədə qəbul olunma potensialını daha da artırır.

Xatırladaq ki, “Qarabağ” Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for
Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşıdır. Klubumuz bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının dəstək göstərərək qlobal iqlim hədəflərinə töhfə vermək öhdəliyini təsdiqləyir.

Klubun prezidenti Tahir Gözel dayanıqlılıq hesabatının yalnız görülən işləri deyil, həm də
illər ərzində formalaşdırılan dəyərləri və gələcək nəsillər qarşısında daşıdıqları məsuliyyəti əks etdirdiyini bildirib:

“Bu hesabat illər ərzində formalaşdırdığımız dəyərlərin, məsuliyyət anlayışımızın və gələcəyə baxışımızın əyani ifadəsidir. Burada gördüyümüz işlərlə yanaşı, inandığımız prinsipləri və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti əks etdiririk. Bu təşəbbüs klubumuz üçün, Azərbaycan üçün, bütövlükdə region üçün bir ilkdir. Hesabatdakı hər bir məqam real fəaliyyətlərə, ölçülə bilən nəticələrə əsaslanır. Biz inanırıq ki, bu yanaşma regionda fəaliyyət göstərən digər klublar üçün də istinad nöqtəsinə çevriləcək və dayanıqlı inkişafın yeni mərhələsinə təkan verəcək.

Sözügedən hesabat, həmçinin COP29 çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin bir hissəsidir. Şübhəsiz ki, bu, ilk hesabatımızdır və biz bu istiqamətdə ilkin addımlarımızı atmağa başlamışıq. İnanırıq ki, növbəti hesabatlarda daha ətraflı, inkişafyönümlü və müqayisə oluna bilən nəticələr də öz əksini tapacaq”.

Избранный
19
19
fanat.az

10Источники