"Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq təşkilatlardan münaqişənin həlli ilə bağlı dəstək gözləyirdi".
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan ATƏT müraciət etmişdi və vasitəçilik istəyirdi:
"Məqsəd ondan ibarət idi ki, beynəlxalq təşkilatlar öz prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək versinlər. Lakin sonrakı proseslər göstərdi ki, bu qurumlar daha çox konfliktin idarə olunmasına xidmət edir.
İllər ərzində işğal faktına baxmayaraq, Ermənistana qarşı real təzyiq göstərilməyib. Ərazilərimizdə etnik təmizləmə, insanlığa qarşı cinayətlər və hərbi cinayətlər baş versə də, işğalçı tərəfə qarşı ciddi sanksiyalar tətbiq olunmadı. Əksinə, müxtəlif siyasi və maliyyə dəstəkləri ilə bu işğalın davam etməsinə şərait yaradılırdı".
O vurğulayıb ki,2020-ci ildə Azərbaycan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək işğala son qoydu:
"Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyü təmin edildi. Həmin dövrdə Azərbaycana qarşı müəyyən beynəlxalq təzyiqlər də müşahidə olunurdu.
Bəzi ölkələr, xüsusilə Fransa, məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırdı. Lakin Azərbaycan öz mövqeyində qətiyyətli qaldı və nəticədə dövlət suverenliyini tam şəkildə bərpa etməyə nail oldu".
Gülər
"Cebheinfo.az"