Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kalugin TASS agentliyinə verdiyi müsahibədə bildirib ki, 2025-ci il iyunun 30-dan iyulun 1-dək Azərbaycanda həbs edilən 11 Rusiya vətəndaşının azadlığa buraxılması mütləq prioritet olaraq qalır.
XİN rəsmisi qeyd edib ki, Rusiyanın Bakıdakı səfirliyi həm şəxslər, həm də onların qohumları ilə sıx əlaqə saxlayır. Kaluhgin deyib: “Biz bu məsələni Azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli əlaqələrdə mütəmadi olaraq qaldırırıq. Bu məsələnin tez bir zamanda həlli ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olardı”.
Hüquqşünas Polad Mehdiyevin fikrincə, Kaluqinin açıqlaması Rusiyanın bu məsələni hüquq müstəvisindən kənar, siyasi və diplomatik məsələ kimi təqdim etməyə çalışdığını göstərir.
Musavat.com-a şərhində P.Mehdiyev qeyd edib ki, Azərbaycanın mövqeyi əsasən dövlət suverenliyi və milli qanunvericiliyə söykənir: “Əgər Azərbaycan ərazisində qanun pozuntusu baş veribsə, həmin işə Azərbaycan hüquq-mühafizə orqanları və məhkəmələri baxmalıdır. Burada şəxsin hansı ölkənin vətəndaşı olması hüquqi məsuliyyəti aradan qaldırmır. Əgər şəxslərlə bağlı həbs qərarı verilibsə, bu artıq təkcə istintaq orqanının deyil, məhkəmənin qərarı sayılır. Azərbaycan da məhz bunu əsas gətirərək məsələnin siyasi deyil, hüquqi prosedur olduğunu vurğulayır. Hazırda əsas fərq ondadır ki, Moskva məsələni daha çox siyasi və diplomatik gündəm kimi təqdim edir, Bakı isə hüquqi müstəvidə saxlamağa çalışır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində cinayət törətmiş şəxslər (onların vətəndaşlığından asılı olmayaraq) Azərbaycan qanunvericiliyi üzrə cinayət məsuliyyəti daşıyırlar. Yəni əcnəbi vətəndaş olması şəxsi Azərbaycan yurisdiksiyasından çıxarmır. Bu, beynəlxalq hüquqda qəbul edilən ərazi prinsipinin milli qanunvericilikdə ifadəsidir. Eyni zamanda, əgər şəxsə qarşı həbs-qətimkan tədbiri seçilibsə, bu artıq məhkəmə qərarı əsasında həyata keçirilir. Yəni hüquqi baxımdan burada söhbət siyasi bəyanatdan deyil, prosessual prosedurdan gedir. Şəxslərin saxlanılması və həbs qətimkan tədbirinin seçilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi müvafiq maddələri ilə tənzimlənir”.
Hüquqşünas həmçinin, vurğulayıb ki, Azərbaycan suveren dövlətdir və öz ərazisində hüquq-mühafizə və məhkəmə sisteminin fəaliyyətinə dair qərarları özü verir: “Dövlətimizin mövqeyi də ondan ibarətdir ki, məsələ daxili hüquqi prosedur çərçivəsində araşdırılır və buna xarici siyasi təzyiq elementi kimi yanaşılması düzgün deyil. Burada mühüm məqam ondan ibarətdir ki, biz bu prosesi anti-Rusiya xətti kimi təqdim etmirik. Əksinə, Azərbaycan rəsmi olaraq bildirir ki, məsələ konkret şəxslərin hüquqi məsuliyyəti ilə bağlıdır və dövlətlərarası münasibətlərlə qarışdırılmamalıdır. Eyni zamanda Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, həmin şəxslərin konsul müdafiəsi hüququnu da tanıyır. Yəni Rusiya səfirliyinin onlarla görüşməsi, ailələrlə əlaqə saxlaması konsulluq münasibətləri haqqında 1963-cü il tarixli “Konsulluq münasibətləri haqqında Vyana Konvensiyası” çərçivəsində normal hüquqi praktikadır”.
Nigar Həsənli
Musavat.com