RU

Mercedes-Benz Berlindəki bütün avtosalonlarını satıb

Alman avtomobil istehsalçısı Mercedes-Benz, təxminən 1,5 min əməkdaşı olan Berlindəki bütün diler mərkəzlərini satıb. Yeddi paytaxt filialının yeni sahibi, ABŞ, Kanada və Avropada 150-dən çox avtosalonu idarə edən Alpha Auto Group holdinqinin rəhbəri kanadalı sahibkar Kuldip Billandır. Oxuməni.az xəbər verir ki, bu barədə "Bild" qəzeti işgüzar dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

İşgüzar dairələrdəki məlumatlı mənbələrin bildirdiyinə görə, Berlindəki altı Mercedes-Benz avtosalonunun və Brandenburqdakı bir filialın (ümumilikdə yeddi, təxminən min beş yüz nəfər işçi) əməkdaşları elektron poçt vasitəsilə şok xəbər alıblar.

Paytaxt diler mərkəzlərinin işçilərinə çətin bir seçim təklif olunub: işdən çıxma müavinəti (bəzi məlumatlara görə, təxminən 30 min avro) almaq və ya yalnız bir il üçün iş təminatını qəbul etmək.

Lakin müvəqqəti iş təminatının qarşılığında mövcud müqavilələrin ləğvi və hələ də personal üçün məlum olmayan şərtlərlə yeni müqavilələrin bağlanması olacaq.

Qeyd etmək lazımdır ki, Mercedes-Benz avtosalonlarının əməkdaşları iki il ərzində satışı əngəlləməyə çalışıblar, lakin sövdələşmənin qarşısını almaq cəhdləri uğursuz olub.

Lakin Berlin sövdələşməsi yalnız genişmiqyaslı restrukturizasiyanın başlanğıcı ola bilər. "Bild" nəşrinin yazdığına görə, Mercedes-Benz həmçinin Hamburq, Münhen və Reyn-Rur regionundakı salonların satışını nəzərdən keçirir.

"Gələcəyin Satışları" adlandırılan bu restrukturizasiya, ənənəvi diler mərkəzlərindən imtina edərək mərkəzləşdirilmiş idarəetmə və rəqəmsallaşdırmaya üstünlük verilməsini nəzərdə tutur. Ümumilikdə, əgər konsernin planları həyata keçirilərsə, Almaniya üzrə səkkiz min iş yeri təhlükə altında ola bilər.

Almaz Həsənli

Избранный
26
oxumeni.az

1Источники