Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 204 260 şəxs qəbul edilib və onlara 339 770 sayda xidmət göstərilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 55,9 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatlarının verilməsi;
- Vergi ödəyicilərinə arayışların verilməsi;
- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
- Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 10,6 min sayda yazılı müraciət cavablandırılıb, 10,8 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 2 007 vergi ödəyicisinin iştirakı ilə 131 görüş keçirilib, 2 279 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2,9 ilyon SMS göndərilib.