RU

Zəngilandan Makrona mesaj var – “Fransuzski” HİYLƏ

Prezident İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı Fransa və bu ölkənin prezidenti Emmanuel Makron barədə fikirlər səsləndirib. Azərbaycan lideri xüsusilə Fransanın Ermənistan-Azərbaycan münasibətlərində tutduğu mövqeyə və rəsmi Parisin bölgədə oynamağa çalışdığı rola toxunub.

Politoloq:

Prezident bildirib: “Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər”.

Fransanın ermənipərəst siyasəti məhz Makronun rəhbərliyi dövründə güclənib. Bəs Makron niyə erməniləri belə çox sevir? Bunun hər hansı sirri varmı?

“Makron və Paşinyan eyni siyasi kluba daxildir. Onlar qlobalistlərin düşərgəsini təmsil edir. Burada Makronun erməni sevgisindən daha çox Paşinyana dəstək rol oynayır. Yəni Fransa prezidenti Emənistanı deyil, Paşinyanı müdafiə edir. Əgər hakimiyyətdə Karapetyan, yaxud Tsarukyan olarsa, onda görək Makron Ermənistanı necə dəstəkləyəcək… “, – bu sözləri Musavat.com-a siyasi ekspert Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, Makron özü də İrəvanda etiraf etdi ki, 8 il qabaq onlar bura toplaşa bilməzdilər: “Çünki Rusiyanın təsiri güclü idi, hakimiyyətdə Kremlin adamları oturmuşdu. Deməli, Makronda erməni sevgisindən daha çox Paşinyana qahmar çıxmaq niyyəti var. Digər tərəfdən, Fransadakı erməni diasporu və lobbisi nəzərdən qaçırılmamalıdır. Onlar seçkidə rol oynayır. Makron bu reallığı bildiyi üçün ermənilərə dəstək verir. Digər amil isə Ermənistanı Rusiyadan qoparmaqdır. Bunu Makron açıq dilə gətirdi. Sadəcə, Azərbaycana haqsızlıq etməklə bu siyasəti yürütmək qəbuledilməzdir və buna görə də rəsmi Bakı həmişə haqlı etirazını bildirir”.

Makron

Ekspertə görə, halbuki Makrondan əvvəlki fransız prezidentlərin heç biri bu dərəcədə ermənipərəst olmayıb: “Deməli, səbəb Paşinyan faktorudur. Təbii ki, burada Fransanın hər zaman ermənilərə dəstək verməsi, Cənubi Qafqaz maraqları yer alır. Bu, ümumi strateji hədəflərdir. Lakin Makronun mövqeyi Paşinyanla bağlıdır və Sorosun maliyyəsi ilə inqilab etmiş qüvvəyə sona qədər dəstək verilir. Çünki Paşinyanın öhdəliklərindən biri də hakimiyyətə gələndə ölkəni Rusiyadan uzaqlaşdırmaqdır”.

Z.Qarayeva prezidentin tənqidlərini və mesajlarını əsaslı sayır. Onun fikrincə, Fransa bu davranışları ilə bölgədə sülhə zərər vura bilər.

Musavat.com

Избранный
8
1
editor.az

2Источники