RU

Dünyanın diqqəti Bakıya yönəldi: Azərbaycan növbəti qlobal güc nümayişinə hazırlaşır

Azərbaycan son illərdə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq imicinin, xüsusilə də iqtisadi nüfuzunun möhkəmlənməsinə xidmət edir. Hazırda gündəmdə olan ən mühüm məsələlərdən biri Azərbaycanda keçirilən və ya keçirilməsi planlaşdırılan WUF12 (World Urban Forum) — Ümumdünya Şəhərsalma Forumudur. Bu platforma dünya dövlətlərinin diqqətini Azərbaycana yönəltməklə yanaşı, ölkəmizin fəal və aktiv bir dövlət kimi tanıdılmasında müstəsna rol oynayır.

Eyni zamanda, ölkəmizdə həyata keçirilən Şəhərsalma və Memarlıq prinsipləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işləri və paytaxt Bakının müasir standartlara uyğun inkişafı bu sahəyə verilən xüsusi önəmin göstəricisidir. Beynəlxalq təcrübənin öyrənilməsi və yerli mütəxəssislərin yeni tərəfdaşlar əldə etməsi baxımından bu cür tədbirlər həm diplomatik, həm də iqtisadi dividendlər vəd edir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bir neçə istiqamətdə mühüm faydalar yaradır:

“Bu tədbirlər ilk növbədə Azərbaycanın beynəlxalq imicinin, o cümlədən iqtisadi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda ölkəmizin beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini artırır və dünya dövlətlərinin diqqətini Azərbaycana yönəldir. Belə platformalar güclü beynəlxalq imicin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, tədbirlər Azərbaycanın turizm potensialının inkişafına və ölkəmizin beynəlxalq səviyyədə daha geniş tanınmasına ciddi töhfə verir.

 

Xüsusilə son dövrlərdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın dünyada fəal və təşəbbüskar dövlət kimi tanınmasına, qlobal əhəmiyyətli məsələlərdə aktiv iştirak edən ölkə imicinin möhkəmlənməsinə xidmət edir. Tədbirlər çərçivəsində ölkəmizə gələn qonaqlar və rəsmi nümayəndələr Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlarla yaxından tanış olmaq imkanı əldə edirlər. Xüsusilə ərazi bütövlüyümüzün bərpasından sonra aparılan yenidənqurma işləri, institusional islahatlar, Bakı şəhərinin tarixi siması qorunmaqla müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi və infrastruktur layihələrinin genişləndirilməsi ölkəmizin inkişaf səviyyəsini əyani şəkildə nümayiş etdirir”.

 

Vüqar Oruc qeyd edib ki, memarlıq və şəhərsalma prinsiplərinə həsr olunan bu beynəlxalq tədbir müasir şəhərsalma tendensiyalarının və inkişaf istiqamətlərinin müzakirəsi baxımından mühüm platformadır:

 

“Azərbaycanın bu sahədə topladığı təcrübənin təqdim olunması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından tədbir ölkəmiz üçün əlavə nüfuz qazandıran mühüm vasitədir. Necə ki, biz bunu COP29 zamanı və daha əvvəl keçirilən beynəlxalq yarışlar və forumlarda müşahidə etdik, bu tədbir də Azərbaycanın yumşaq diplomatiyasının növbəti uğurlu nümunəsidir. Azərbaycan dövləti və xüsusilə cənab Prezident bu kimi beynəlxalq platformalar vasitəsilə ölkəmizin diplomatik və iqtisadi əlaqələrinin inkişafına yeni impuls verir. Hər bir beynəlxalq tədbirdən sonra Azərbaycanın dövlət kimi mövqelərinin daha da gücləndiyini müşahidə edirik və bu tədbir də istisna olmayacaq.

 

Bu gün Azərbaycan artıq regionun aparıcı dövləti statusunu qazanıb. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünyaya fəal, müasir inkişaf trendlərini izləyən və qlobal çağırışlara adekvat cavab verən dövlət imicini nümayiş etdirir. Bununla yanaşı, tədbirlər ölkənin iqtisadiyyatına da müəyyən töhfələr verir. Xarici qonaqların Azərbaycana marağının artması, daşınmaz əmlak bazarına diqqətin yönəlməsi və tədbir iştirakçılarının ölkədə olduqları müddətdə iqtisadi aktivliyə təsiri xüsusi əhəmiyyət daşıyır.

 

Ümumilikdə, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi həm lokal, həm də qlobal səviyyədə mühüm strateji əhəmiyyətə malikdir. Bu tədbirlər uzunmüddətli iqtisadi və diplomatik dividendlər qazandırmaqla yanaşı, yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına şərait yaradır. Şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən dövlət qurumlarımız və peşəkar mütəxəssislərimiz üçün də yeni tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsinin genişlənməsi baxımından geniş imkanlar açılır.

Azərbaycan növbəti dəfə həm iqtisadi, həm də diplomatik sahədə mühüm uğura imza atmağa hazırlaşır. Bu tədbirin uğurla keçirilməsi ölkəmizin həm regionda, həm də beynəlxalq miqyasda nüfuzunun daha da artmasına mühüm töhfə verəcək”.

//Gülnarə Abasova, Editor.az

Избранный
32
editor.az

1Источники