RU

“Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilib

12 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın təşəbbüsü ilə Nazirliklə birgə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə təşkil edilib.

QHT.az bildirir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan etməsi və 17–22 may tarixlərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü Sessiyası çərçivəsində keçirilib.

İctimai müzakirənin məqsədi şəhər təhlükəsizliyi sahəsində mövcud yanaşmaların təqdim edilməsi, urbanizasiya, nəqliyyat yüklənməsi, texnoloji inkişaf, ekoloji risklər və fövqəladə hallara hazırlıq fonunda kompleks yanaşmanın formalaşdırılması, eləcə də dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinə töhfə vermək olub.

DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, DİN yanında İctimai Şura üzvləri, QHT sektorunun və akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 üzrə Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, eləcə də Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Memarlar İttifaqının nümayəndələri iştirak ediblər.

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov çıxış edərək şəhər mühitində təhlükəsizliyə kompleks yanaşmanın vacibliyini, həmçinin dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda urbanizasiya, nəqliyyat yüklənməsi və texnoloji inkişaf fonunda yaranan risklərin idarə olunması məsələlərinə də toxunulub.

Əliməmməd Nuriyev qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın şəhər təhlükəsizliyi sahəsində təcrübəsinin beynəlxalq müstəvidə təqdim edilməsi və qlobal əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır.

Aygün Əliyeva isə WUF13 çərçivəsində QHT-lərin fəal iştirakının vətəndaş cəmiyyətinin qlobal urbanizasiya proseslərinə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, ilk dəfə olaraq Forum çərçivəsində QHT Forumu keçiriləcək, həmçinin Qlobal Cənub QHT Forumu və QHT Agentliyinin pavilyonu fəaliyyət göstərəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov müasir şəhərsalma təcrübələri, baş planların hazırlanması və şəhər təhlükəsizliyi ilə bağlı standartlar barədə danışıb. O, WUF13-ün ölkədə şəhərsalma sahəsində beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm rol oynadığını qeyd edib.

DİN yanında İctimai Şuranın üzvü, polis polkovniki Vaqif Abışov “reaktiv” polis modelindən “proaktiv” modelə keçid, CPTED metodunun tətbiqi və “Təhlükəsiz şəhər” sistemlərində süni intellektin rolu barədə məlumat verib, həmçinin vətəndaş iştirakının vacibliyini vurğulayıb.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli şəhərsalma prosesində ictimai iştirakçılıq mexanizmləri, hüquqi çərçivə və beynəlxalq təcrübə barədə təqdimatla çıxış edib. O, vətəndaş cəmiyyətinin dayanıqlı və təhlükəsiz şəhərsalmada rolunun gücləndirilməsinin vacibliyini qeyd edib.

Müzakirə və sual-cavab sessiyasında iştirakçılar şəhər infrastrukturunun təhlükəsizlik tələblərinə uyğunlaşdırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda bildirilib ki, DİN yanında İctimai Şura səsləndirilən təklifləri ümumiləşdirərək müvafiq dövlət orqanlarına təqdim edəcək və şəhərsalma sahəsində ictimai dialoqun gücləndirilməsinə töhfə verəcək.

Избранный
19
12
qht.az

10Источники