İran və Hörmüz boğazının müzakirə ediləcəyi Tramp- Si Cinpin görüşü geosiyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyini də müəyyənləşdirəcək. Vaşinqton və Pekin “soyuq iqtisadi müharibəni” yeni mərhələdə davam etdirəcəkmi, yoxsa iki güc dünyanın bölüşdürülməsi üzərində razılaşacaq?
Bu sualın cavablarının yəqin ki, görüşdə, yaxud görüşdən dərhal sonra müəyyənləşməsi ehtimalı azdır, hərçənd, yaxın perspektivdə baş verəcəklər məsələlərə müəyyən aydınlıq gətirəcək.
Dünyanın diqqət mərkəzində olan görüşlə bağlı irəli sürülən fikirlər bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.
Publika.az xəbər verir ki, beynəlxalq media görüşün mümkün nəticələrini şərh edib.
“Atlantik Şurası” yazır ki, tərəflərin ortaq maraqlar tapması asan deyil və azsaylı maraqları real əməkdaşlığa bənzəyən bir şeyə çevirmək üçün daha çox siyasi kapital lazımdır: “Vaşinqton və Pekin dərin inamsızlıq, qarşılıqlı iqtisadi təsir və hər iki tərəfin bu asılılıqdan daha az zərər görmək istədiyi bir dinamikada ilişib qalıb. Hər iki lider pekində strateji irəliləyişdən daha çox, taktiki qazanc əldə etməyə çalışacaq. Si güman ki, texnologiya ixracına nəzarət, Tayvan və taariflər məsələsində ABŞ-dan güzəşt istəyəcək, Tramp da Pekinin daha çox ABŞ mallarını almasına, Çinin nadir torpaq minerallarına daha çox çıxış əldə etməyə və fentanil əməkdaşlığında irəliləyişə nail olmağa çalışacaq. Tramp həmçinin, səfəri və Çinlə bağlı davranışı ABŞ maraqları üçün uğurlu tədbir kimi göstərmək istəyəcək. Lakin bu səfər ciddi nəticələr verməyəcək. Çin ABŞ-ın İran planına dəstək verməyəcək. Pekin Hörmüz boğazının yenidən açılmasını istəyir, lakin real diplomatik səylər göstərməkdə maraqlı deyil”.