RU

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər

Bakı, 13 may, AZƏRTAC

Süni intellekt vasitəsilə yayılan dezinformasiya, yalan məlumatların həm miqyasını, həm də inandırıcılığını artıraraq qlobal demokratiyanın təməllərini sarsıdır. Bu texnologiya vətəndaşların dövlət institutlarına və mediaya olan etimadını azaldır, cəmiyyətdə qütbləşməni dərinləşdirir və seçki proseslərini manipulyasiya edərək qərarvermə mexanizmlərini zədələyir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, İsrailin ABŞ-də başladığı məlum layihə (*Süni İntellekt Optimizasiyası / SAIO*) kimi nümunələr göstərir ki, böyük maliyyə resursları və strukturlaşdırılmış məlumat bazaları ilə süni intellektin təlim prosesinə müdaxilə etmək, obyektiv analizi statistik çoxluğun rəyi ilə əvəz etmək mümkündür.

“Bu təhdidlərin qarşısını almaq üçün həm texnoloji, həm də hüquqi müstəvidə kompleks addımlar atılmalıdır. Süni intellekt şirkətləri alqoritmik şəffaflığı təmin etməli, dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidir. Eyni zamanda, dövlətlər tərəfindən Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında nəzərdə tutulan kimi etik tənzimləmə çərçivələri gücləndirilməli və vətəndaşların rəqəmsal savadlılığı artırılmalıdır. Yalnız texnoloji nəzarət və maarifləndirmənin vəhdəti sayəsində süni intellektin demokratik dəyərlərə vurduğu ziyanı minimuma endirmək olar”, - deyə E.Abbasov qeyd edib.

Избранный
66
2
azertag.az

3Источники