Kino sənəti həyatın gözəllikləri ilə yanaşı, eybəcərliklərini də çılpaqlığı ilə əks etdirməklə insanı yaxşını pisdən seçməyə səsləyir. Bədii filmlər həyat həqiqətlərini ekranda canlandırmaqla cəmiyyətin güzgüsünə çevrilir. Xalqın mədəniyyəti yalnız o zaman yüksəlir ki, belə sənət insanı dəyərləri kütləviləşdirməyə xidmət edir. Azərbaycan kinosu da estetik təsiri ilə yanaşı, həm də həyatımızın canlı xronikasını yaradıb. Dünya kinosunun təcrübə və ənənəsi əsasında formalaşan Azərbaycan kinosu ötən 128 ildə bu sənət xəzinəsinə qiymətli incilər verə bilmişdir.
1839-cu ildə fotoqrafiyanın kəşfi vizual görüntülərin qeydə alınmasını mümkün etmişdi. Edvard Maybrikin 1878-ci ildə “Hərəkətdə olan at” adlı şəkilləri hərəkətin təsvirində yeni cərəyan yaratmışdı. 1895-ci il dekabrın 28-də isə Parisdə “Lumieres kinematoqrafı” ilə ilk ictimai kino nümayişi keçirildi.
“Qatarın stansiyaya daxil olması”, “Fəhlələrin fabriki tərk etməsi” kimi qısametrajlı filmlər tamaşaçıları heyrətə gətirmişdi. Azərbaycan milli kinosunun tarixi 1898-ci il avqustun 2-də fransız fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi” və “Qafqaz rəqsi” kimi xronika süjetləri ilə başlamışdır.
1900-cü ildə Fransada keçirilən ümumdünya sərgisi Azərbaycan kino tarixinin də taleyində mühüm dönüş nöqtəsinə çevrilmişdi. Çar Rusiyasını təmsil edən Aleksandr Mişon Bakıda çəkdiyi filmləri Parisə aparmış, beləliklə, Azərbaycanın şəhər həyatı, gündəlik sosial ritmi ilk dəfə beynəlxalq kino məkanına daxil olmuşdu. Mişonun təqdim etdiyi filmlər Parisdə o dövrün kino avanqardı sayılan Lümyer qardaşlarının da diqqətini çəkmişdi.
Ümumiyyətlə, Azərbaycanda kinonun yaranma tarixi müxtəlif səbəblərdən üç dəfə dəyişmişdir. İlk dəfə 1919-cu il avqustun 27-də Leninin kinematoqrafiyanın və fotoqrafiyanın milliləşdirilməsi barədə verdiyi dekret əsasında həmin tarix “Kino Günü” adlandırılmışdı. Bu dekret keçmiş Sovet İttifaqının tərkibində olan 15 respublika üçün ümumi qayda idi. Sovet İttifaqı süqut etdikdən sonra Azərbaycanda kinonun tarixi 1916-cı ildə ekranlara çıxmış “Neft və milyonlar səltənətində” adlı ikiseriyalı bədii filmin nümayişi nəticəsində 14 mayda qeyd olunmağa başlamışdı.
Filmin 1-ci seriyası 1916-cı il mayın 14-də, 2-ci seriyası isə mayın 27-də göstərilmişdi. Filmin orijinal nüsxəsi bu günə qədər qorunub saxlanmasa da, haqqında yazılmış reklam vərəqi bu gün də Mirzə Fətəli Axundzadə adına kitabxanada nadir nüsxələr bölməsində saxlanılır.
2 may 1998-ci ildə Azərbaycan kinosunun 100 illiyinə həsr olunmuş festivalda ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır: “Biz 1916-cı ili başlanğıc ili hesab edirdik, lakin Azərbaycan kinosunun yaşını əgər belə demək olarsa, 10 il, yaxud neçə il artırmaq heç də sadə məsələ deyildi. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi o, Azərbaycana gəlib…”
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirdi ki, milli kinomuz çətin və şərəfli yol keçərək günümüzə tarixi uğurları ilə gəlib çatıb:
– "Neft və milyonlar səltənətində" filmini xatırlayarkən, "Piron qardaşları" şirkətinin ərsəyə gətirdiyi bu yadigarda o dövrün ruhunu diktə edən azərbaycanca titrlərin bədii çəkisi xüsusi diqqət çəkir.
Bu əvəzsiz əsərin taleyi isə günümüz üçün hələ də müəmmadır. 1918-ci ilin qanlı hadisələri zamanı erməni quldurlarının Tağıyev teatrını yandırması ilə filmin də yanıb külə döndüyü iddia edilsə də, bəzi kinoşünaslar bu ehtimalı təkzib edir. Çünki "Filma" şirkətinin öz ofisi varikən lentin teatrda saxlaması məntiqsiz görünür. Böyük ehtimalla bu nadir sənət incisi Rusiyanın arxivlərinə aparılsa da, sonralar qeyri-peşəkar baxım ucbatından yararsız hala düşüb.
"Neft və milyonlar səltənətində" filminin taleyi, əslində, kinomuzun hər dövrdə amansız sınaqlarla və itkilərlə üz-üzə qaldığının bariz nümunəsidir. Lent yox olsa da, o dövrdən miras qalan realist təsvir ənənəsi və güclü ədəbiyyatla ekranda qurulan o möhkəm bağ, onilliklər keçsə də qırılmadı. Əksinə, daha dərin bədii dramaturji qatlarla zənginləşərək milli kinomuzu tamamilə fərqli və bənzərsiz bir mərhələyə daşıdı.
Bu gün də milli kinomuz ustad sənətkarların gedişi ilə postİbrahimbəyov dövrünə qədəm qoyub. “Bir cənub şəhəri”, “Bağlı qapı”, “Ölsəm bağışla”, “Çalışan adam” kimi milli kinomuzun estetik sərhədlərini genişləndirən filmlərin müəllifi artıq bir tarixdir. Yaşadığı 84 illik ömrün təxminən 70 ilini kinoya gətirdi, Kinoda Bakı saqası yaratdı. O cənub şəhərinə, həm də bu şəhərin kinosuna “əlvida” dedi.
Əlbəttə, söhbət təkcə Rüstəm İbrahimbəyovdan deyil, onun təmsil etdiyi epoxadan gedir. Epoxa isə heç də həmişə tərcümə olunduğu kimi dövr mənasını vermir. Epoxa sözünün mənası qədim yunancadan dilimizə çevirəndə dayanacaq sözüylə üst-üstə düşür. Doğrudan da, hər nə baş verirsə yolda yox, dayanacaqda baş verir. Yol isə onların birindən ayrılıb o birinə doğru getmək deməkdir.
– Bəs növbəti dayanacaqda, yeni mərhələdə bizi nə gözləyir?
– İlk ağla gələn rus dilinin rolunun azalmasıdır. Xüsusilə, tarixin siyasi səhnəsində son aylarda cərəyan edən hadisələr bu qənaətə gəlməyə əsas verir. Zarafat deyil, uzun zamanlar rus dili qlobal dünyaya çıxmaqda bizim üçün körpü rolunu oynayıb. Bəs indi? Azərbaycan kinosunda rus dilinin əvvəlki statusunu ingilis dili tuta bilərmi? Filmlərə ingilis dilində subtitr yazmaq, müəyyən görüşlərdə bir çox gənclərimizin ingiliscə ünsiyyətdə olmaq bacarığı hələ status dili deyil.
Rusdilli xalq yazıçılarımızı saysaq, böyük bir siyahı yaranar. Amma ingilisdilli bir nəfər sıravi yazıçımızı, hələ ki, tapa bilmərik. Əsas o deyil. Əsas odur ki, bu dəyişikliklərdən kinomuzun keyfiyyəti qazanacaq, ya yox. Bunu gələcək göstərər. Amma doğma dilində düşünən, kinonu öz dilində danışdıran rejissorların kreativ üstünlüyü faktdır.
Kinomuzdakı prosesləri izləyəndə və ya filmlərin estetik keyfiyyətini analiz edəndə zəka qıtlığı hiss edirsən. Söhbət intellektual filmlərin azlığından yox, kinomuzda gedən proseslərin və filmlərin müəllif işinin arxasında ciddi, əqli bir işin dayanmadığından gedir. Kinomuzda zəka, əql çox hallarda instinktə, emosionallığa uduzur.
– Milli kinomuzda gözləntilər bu zəka qıtlığını aradan qaldıra biləcəkmi?
– Ədəbi nəsrimiz və kinomuz, ssenari və istehsal, özəl film şirkətləri və dövlət sifarişi münasibətləri daha effektiv qurularsa, bu da zəka göstəricisi sayıla bilər. “Azərbaycanfilm” studiyasının redaksiya heyətinə İsa Hüseynov, Yusif Səmədoğlu, İsi Məlikzadə kimi güclü nasirlər rəhbərlik edəndə, studiyanın ssenari paketi və filmlərin keyfiyyətində fərq vardı. Elə İbrahimbəyov da, böyük qardaşı da, nəsrdən kinomuza transfer olunmuş profillər idilər. Nəsrimiz və kinomuz arasında körpünün bərpası ən ümdə məsələlərdəndir.
Amma kino adlı möcüzəni texniki təfərrüatdan fərqləndirən nələrsə var ki, burda heç bir güclü nəsr əsəri, mahir dramaturgiya kömək edə bilməz. Kinomuza şairanəlik, poetik kino elementləri həmişə olub. Amma dəstəklənməyib. Bəlkə, Ramiz Rövşən poeziyasının kinodramaturji təzahürü dəstəklənsəydi, kimlər üçünsə stimul olardı. Kinomuzda özünü komfortlu hiss edən tarixi və komediya filmləri ilə yanaşı, poetik kino da tamhüquqlu yaşamaq hüququ qazanardı. Mənə elə gəlir kinomuz bundan qazanardı.
Ədəbiyyat kinonun qida mənbələrindən biridir və təkcə proza və dramaturgiya yox, bəlkə də, ilk növbədə, poeziya. Çünki təsvir ancaq informativlikdən çıxanda sənət olur. Kinomuz nə Dədə Qorquda, nə Səməd Vurğuna, nə də Ramiz Rövşənə müraciət edəndə uduzmadı. Məhəmməd Füzuliyə, Aşıq Ələsgərə müraciət etsə uduzmayacaq. Söhbət təkcə ekranlaşdırmadan getmir. İlk növbədə, poetik enerjidən qidalanmaqdan o ovqata köklənməkdən, poetik obrazların ekran həllini tapmaqdan gedir. Özümüzə şair xalq deyirik. Şair xalqın da güclü poetik kino ənənəsinin olmasında qəribə nə var ki?
Venetsiya və Lokarno Festivalının müsabiqə iştirakçısı Hilal Baydarovun filmləri, Azərbaycan poetik kino ənənəsinin parlaq nümunələrindəndir. Ona qədər Anar (kinodramaturq olaraq), Arif Babayev, Tofiq Tağızadə, Elçin Musaoğlu, Vəli Səyyadi təsviri şairanə ovqatda yaratdılar, kadrlarla şeir söylədilər, boy boyladılar. Yolun başlanğıcı var, onu gedənlər var. Onu genişləndirmək, daha əminliklə getmək, yola çıxanları dəstəkləmək lazımdı.
Nəsrlə nəzmin arasında qalan sözlər hər cəhddən sonra poeziyaya bənzəyən mətnə çevrilir. Qəhrəmanın hiss dolu ürəyi, özünü nəsrlə ifadə edə bilmir şeirə keçir. Bəlkə də kinomuz da, nəsrlə ifadə oluna bilinməzlikdədir. Ümid şeirə qalıb. Çünki kinomuz öz təbii axarına, yəni doğma dilinin şirinliyinə və ruhunun şairanəliyinə qovuşduqca yenidən doğulacaq. Biz o zaman daha böyük inamla pıçıldayacağıq: salam, bənzərsiz keçmişimiz, salam, ümid dolu gələcəyimiz, salam Azərbaycan kinosu!
Söhbəti yazdı:
Fidan ƏLİYEVA
XQ