RU

Xarıbülbül: qədim əfsanədən çağdaş təntənəyə

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa əsrlər boyu musiqi, poeziya və incəsənət mərkəzi kimi tanınıb. Bu qədim şəhər memarlığı, təbiəti, yetişdirdiyi sənətkarlar, xanəndələr və şairlərlə Azərbaycan mədəniyyət tarixində xüsusi yer tutur. Burada keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı da ilk dəfə bu zəngin irsi dünyaya tanıtmaq üçün təşkil edilmişdi.

1989-cu ildə ilk dəfə keçirilən festival görkəmli xanəndə Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunmuşdu. Adını “Xarıbülbül” çiçəyindən alan festival qısa müddətdə beynəlxalq nüfuz qazandı. Hər ilin may ayında keçirilən tədbirdə Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və keçmiş SSRİ respublikalarından sənət nümayəndələri iştirak edirdi.

Lakin Ermənistan–Azərbaycan münaqişəsinin başlanması və Şuşanın işğal olunması bu möhtəşəm ənənənin yarımçıq qalmasına səbəb oldu. 1992-ci ilin may ayında keçirilən son festival artıq ağır və gərgin bir dövrə təsadüf edirdi. Sonralar qısa müddət Ağdam şəhərində davam etdirilsə də, buranın da işğalı ilə tədbirin keçirilməsi tamamilə dayandırıldı, Qarabağın musiqi səsi uzun illər susduruldu.

2020-ci ildə tarixi Qarabağ Zəfərindən sonra Şuşa yenidən Azərbaycanın mədəni həyatının mərkəzinə çevrildi. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması şəhərin əvvəlki şöhrətinin bərpasında mühüm addım oldu. Bu qərardan sonra “Vaqif Poeziya Günləri” və “Xarıbülbül” festivalı yenidən keçirilməyə başlandı.

Şuşa işğaldan azad olunduqdan sonra ilk dəfə 2021-ci il mayın 12-13-də keçirilən “Xarıbülbül” festivalı tarixi qayıdışın və milli qürurun rəmzinə çevrildi. Cıdır düzündə səslənən muğamlar, xalq mahnıları və müxtəlif xalqların musiqiləri Qarabağda həyatın yenidən canlandığını bütün dünyaya nümayiş etdirdi.

2022-ci ildə Şuşa şəhərinin 270 illiyi münasibətilə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı çərçivəsində müxtəlif ölkələrin folklor kollektivləri, musiqiçi və incəsənət nümayəndələri Şuşada bir araya gəldilər. Növbəti ildə keçirilən festival isə türk dünyasının mədəni birliyini nümayiş etdirdi. Festival günlərində TÜRKSOY ölkələri, eləcə də regionun türkdilli xalqlarının yaradıcı kollektivləri çıxış etdilər.

2024-cü il mayın 11-də isə Şuşanın məşhur Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirildi. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Ölkə başçımız mərasimdəki çıxışında dedi: “Builki “Xarıbülbül” festivalı bu hadisəyə - Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq”.

Ötən il 24–25 mayda keçirilən VIII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı isə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olundu. Qarabağda yenidən səslənən musiqi Azərbaycanın tarixə, sənətə və milli dəyərlərə bağlılığının ən parlaq nümunələrindən biridir. Bu il mayın 14-15-də keçirilən sənət təntənəsi musiqiçilər arasında yaradıcılıq mübadiləsinə, mədəni dialoqun inkişafına yeni töhfə verəcək.

Ənənəvi çal-çağıra verilən Xarıbülbül adı isə xalqımızın Qarabağın həsrətini və Zəfər tarixini özündə yaşadır. Latınca “ophrys caucasica” və ya “ophrys mammosa” adlanan bu nadir bitki əsasən Şuşa və ətraf ərazilərdə yayılıb. Bu bənzərsiz çiçəklə bağlı bir qədim əfsanədə deyilir ki, döyüşdə ağır yaralanmış bir türk əsgəri son nəfəsində qanlı köynəyindən bir parça cıraraq sevgilisi Aybükə xanıma xəbər göndərir. Bu xəbəri bülbül ünvanına çatdırır. Beləliklə, Xarıbülbül nakam sevginin, sədaqətin və qəhrəmanlığın rəmzinə çevrilir. Qırğız yazıçısı Erlan Jurabekovun “Jarxı bulbul” əsərində də bu qədim türk motivlərinə geniş yer verilir.

Tarixdə Xarıbülbül adı ilə bağlı təsirli rəvayətlərdən biri də Qarabağ xanının qızı Ağabəyim ağa ilə bağlıdır. O, uzun illər Tehranda yaşasa da, doğma Qarabağ həsrəti ilə ömür sürmüşdü. Ona aid edilən məşhur bayatı isə Vətən nisgilini təsirli şəkildə ifadə edir:

Vətən bağı al-əlvandır,Yox içində Xarıbülbül.Nədən hər yerin əlvandır,Köksün altı sarı, bülbül.

Canlı həyatı xatırladan bu çiçəyin ləçəyi üstündəki mənzərə eynilə bülbülün arı-xar ilə savaşını xatırladır. Bu savaş Qarabağ uğrunda Ermənistanla çoxillik münaqişə və müharibəni də simvolizə etdiyinə görə “Xarıbülbül” şanlı zəfərimizin də rəmzinə çevrildi.

Şuşa bu gün mədəni-kütləvi məclislərin, el təntənələrinin, yenidən canlandığı, genişmiqyaslı bərpa və yenidənqurma prosesinin aparıldığı tarixi yurdumuzdur. Burada keçirilən beynəlxalq forumlar, tədbirlər, müsabiqələr dünyaya ünvanlanan mühüm bir mesajı ifadə edir: Bu şəhər qısa zamanda yenidən dirçəlib, abadlaşıb və regionun ən cazibədar mədəniyyət mərkəzlərindən birinə çevrilir.

Ləman TƏHMƏZXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
1
xalqqazeti.az

2Источники