RU

"Binokl diplomatiyası" sülhə xidmət etmir

Azərbaycan Cənubi Qafqazda barışın və təhlükəsizliyin yeganə qarantıdır 

Azərbaycan-Ermənistan şərti sərhədində Avropa İttifaqının "müşahidə missiyası" adı altında fəaliyyət göstərən qüvvələrin mövcudluğu ciddi suallar doğurur. Bu missiya ilk baxışdan "monitorinq" məqsədilə yaradılmış kimi görünsə də, onun fəaliyyət forması regionun daxili işlərinə müdaxilə və kəşfiyyat məlumatları toplamaq elementlərini özündə ehtiva edir. Yəni Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə fəaliyyətə başlayan missiya, əslində, regionda kənar güclərin "gözü" olmaq funksiyasını yerinə yetirir. 

2025-ci ilin yanvarında müşahidəçilərin mandatlarının 2027-ci il fevralın 19-na qədər uzadılması da göstərir ki, Qərbin bəzi dairələri regiondakı hərbi-siyasi iştiraklarını qalıcı etmək niyyətindədirlər. Bu həm də Ermənistanın suverenliyini tədricən kənar idarəçiliyə təhvil verməsi və regionun təbii sülh mühitinin süni şəkildə ləngidilməsi deməkdir. 

Fransa Aİ missiyasının ideoloji memarı və əsas hərbi-siyasi dəstəkçisidir. Fransalı rəsmilərin şərti sərhədə gələrək Azərbaycan ərazilərini binoklla müşahidə etmələri, yəni "binokl diplomatiyası" ilə məşğul olmaları regiondakı sülh və sabitliyə töhfə vermir. Əksinə, bu cür təxribatçı fəaliyyət Ermənistanın daxilindəki revanşist qüvvələrə stimuldur. Parisin İrəvana dəstəyi təkcə diplomatik manipulyasiyalarla bitmir. 

Ermənistana hücum silahlarının satılması da Aİ missiyasının "mülki" xarakteri barədə deyilən bəyanatlarla kəskin ziddiyyət təşkil edir. Bu, bir tərəfdən şərti sərhədlərdə monitorinq apardığını iddia edənlərin, digər tərəfdən Ermənistanı silahlandırmaq kimi ikiüzlü siyasətin təzahürüdür. Ermənistanın "qorunması zəruri olan xristian qalası" kimi qələmə verilməsi isə ideoloji tərəfkeşlikdir. Eyni zamanda Aİ missiyasının mahiyyətcə səlibçi təfəkkürdə olmasının təsdiqidir.

Prezident İlham Əliyevin mayın 10-da Zəngilanda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər bu missiyanın mahiyyətini tam ifşa etdi: "Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə". 

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bizim niyyətimiz ədalətin bərpası idi və buna nail olmuşuq. Fransanın guya "Azərbaycanın qarşısını onlar alıblar" şəklində imitasiyası heç bir real əsasa söykənmir. Sərhəddə "keşik çəkən" avropalı müşahidəçilər Fransanın timsalında özlərini bu rolda təqdim edərək daxili və xarici auditoriyada yalançı "qəhrəman" obrazı yaradırlar. Əslində isə bu missiyanın heç bir hərbi-strateji çəkiyə malik olmaması, siyasi dekorasiyadan ibarət olması hamıya bəllidir. 

Revanşistlər kənar dairələrin "dəstəyi"nə güvənib yenidən hakimiyyətə gələrsə, sərhəddəki "müşahidəçi"lərinə və ya Fransadan aldıqları silahlara güvənib yeni təxribatlara həvəs göstərərsə, cavabımız, sadəcə, müdafiə xarakterli olmayacaq. Dövlətimiz istənilən təhdidi yerindəcə boğmaq üçün lazımi və önləyici addımları atmaq qüdrətindədir. Bununla bağlı Azərbaycan lideri ən yüksək səviyyədə növbəti xəbərdarlığını etdi: "Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq". 

Xatırladaq ki, yaxın zamanda Avropa İttifaqının Ermənistanda ikinci missiyası da fəaliyyətə başlayacaq. Yeni missiya İrəvana məsləhətlər verəcək və nazirliklərə, qurumlara hibrid mübarizidə dəstək göstərəcək. Görünən odur ki, Avropa ölkələri müəyyən formatlar şəklində Ermənistan vasitəsilə Cənubi Qafqazda öz varlıqlarını təmin etmək, maraqlarını həyata keçirmək niyyətindədirlər. Ermənistan isə siyasi-iqtisadi məqsədləri naminə bu siyasətə alət olmaqdadır. 

İrəvan hökuməti birmənalı dərk etməlidir ki, Ermənistan dövlətçiliyi və bütövlükdə region üçün təhlükə Azərbaycan deyil. Əsl təhlükə Ermənistanın daxilində revanşist xülyalarla yaşayan, xalqı yeni fəlakətlərə sürükləməyə hazır olan və onlara yalan vədlər verən kənar güclərdir. Ermənistan reallıqla illüziya arasında seçim etmək məcburiyyətindədir. Fransanın regiona "təhlükəsizlik zəmanəti" və Ermənistana "hərbi dəstək" adı altında müdaxilə cəhdləri İrəvanı Parisin geosiyasi oyunlarına alət etmək məqsədi daşıyır. 

Azərbaycan isə sülh içində yaşamaq niyyətini praktiki addımlarla təsdiqləyib. Bakı iqtisadi və humanist təşəbbüsləri ilə regionda sülhün ən böyük qarantı olduğunu nümayiş etdirir. Azərbaycanın xoşməramlı niyyətinin bariz göstəriciləri Ermənistanla iqtisadi əlaqələrin qurulması, bu ölkəyə yanacaq göndərilməsi, başqa dövlətlərdən yüklərin daşınmasına şərait yaratmasıdır. Əgər İrəvan revanşistlərin təzyiqindən qurtulub bu humanist jestləri düzgün dəyərləndirə bilsə, region uzunmüddətli sabitliyə qovuşacaq. Əks təqdirdə, kənar güclərin yalan vədləri Ermənistanı daha dərin siyasi və iqtisadi uçuruma aparacaq. 

Nəticə olaraq, Ermənistan tərəfi anlamalıdır ki, onun real təhlükəsizliyi sülhdən, qonşularla normal münasibətlər qurmaqdan və regional əməkdaşlıqdan asılıdır. Şərti sərhədlərdə binokl arxasından baxanlar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı ola bilməzlər. Bölgəmizdə sülhün yeganə qarantı yeni reallıqları diktə edən və öz gücünə güvənən müstəqil Azərbaycandır. Mandatların uzadılması və ya "qəhrəmanlıq" şouları Azərbaycanın milli maraqlarını qorumaq əzmini əsla sarsıda bilməz. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Избранный
50
azerbaijan-news.az

1Источники