Dünən saat 22:40 radələrində Hacıqabul–Horadiz avtomobil yolunun 92-ci kilometrliyində müşahidə olunan kəskin yağışlı və küləkli hava şəraiti nəticəsində ağac yolun hərəkət hissəsinə aşaraq nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyət yaradıb.
"Unikal" xəbər verir ki, həmin vaxt ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən hadisə dərhal nəzarətə götürülüb. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə operativ tədbirlər görülüb, sürücülərə xəbərdarlıq olunub, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təşkil edilib.
Əməkdaşların çevik müdaxiləsi nəticəsində yol sahəsində mümkün qəza risklərinin qarşısı alınıb, hərəkətin təhlükəsiz təşkili təmin olunub. Daha sonra əraziyə ağır texnikalar cəlb edilərək yolun hərəkət hissəsinə aşmış ağaclar kənarlaşdırılıb, yol tam şəkildə təmizlənib və nəqliyyatın normal hərəkəti bərpa olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, qeyri-sabit və yağıntılı hava şəraitində daha diqqətli olmaq, sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini qorumaq və yol hərəkəti qaydalarına ciddi əməl etmək həyati əhəmiyyət daşıyır.