RU

Unutmadığımız Sabir...



Heç şübhəsiz ki, müasir dövrümüzdən dönüb geriyə baxanda ‎Azərbaycan ədəbi-ictimai həyatının klassiklərindən biri kimi gözümüzə görünən ismlərdən biri də yalnız şair kimi yox, həm də cəmiyyətin problemlərini, xalqın ağrılarını ürək yanğısı ilə qələmə alan mübariz aydın, publisist kimi tanınan şəxslərdən Mirzə Ələkbər Sabirdir. Onun qələmə aldığı mövzular mahiyyət etibarı ilə bu gün də öz aktuallığını, mövcudluğunu qoruyub saxlayır, insanları düşünməyə, cəmiyyətin yanlışlıqlarına qarşı mübarizə aparmağa çağırır. Təbii ki, ‎Sabir yaşadığı dövrün cəhalətini, o dövrün ictimai həyatında baş verən ziddiyyətləri, cahilliyi, savadsızlığı, mövhumatı, sosial ədalətsizliyi satiranın gücü ilə qabartmağa, ifşa etməyə çalışırdı. Əlbəttə ki, o dövrdə xalqın maariflənməsinə mane olan həmin cəhalətə, qüvvələrə qarşı çıxmaq elə də asan deyildi, hətta böyük iradə, cəsarət tələb edirdi. Elə bu baxımdan Sabir qələmini silaha, süngüyə çevirərək cəmiyyətin qaranlıqlarını, eyiblərini açıq-aşkar şəkildə göstərməkdən nə çəkinirdi, nə də ki, usanırdı. Yeri gəlmişkən, vurğulayım ki, onun külliyatında ən nəzərə çarpan cəhətlərdən biri də xalqın rəvan, sadə, aydın dili ilə danışması, fikirlərini o müstəvidə əks etdirməsidir. O, sadə və anlaşıqlı üslubu ilə insanların qəlbinə yol tapmışdır. Təbii ki, həmişə Sabirin yazdıqlarının təməlindəki məqsəd insanları əzmək, alçaltmaq deyil, onları oyatmaq, düzgün izə, yola, istiqamətə yönəltmək prinsipi olub. Məhz bu üzdən də onun qələmə aldıqlarının məğzində maarifçilik missiyası dayanırdı. ‎Molla Nəsrəddin jurnalı ilə əməkdaşlığını bu mənada Sabirlə xalq arasında "körpü" də adlandırmaq olar. Bu minvalla da o, öz satirası ilə tez bir zamanda xalq içində tanınmış, insanları düşünməyə vadar etmiş və ictimai şüurun formalaşmasında rol oynamışdır. Çünki Sabir bir xalqın yalnız elmlə, təhsillə tərəqqisinə şübhəsiz ki, inanırdı. Bu faktı da gözəl bilirik ki, onun öz həyat yolu da şad-xürrəm keçməmiş, əzab-əziyyətli olmuşdur. Ancaq istər xəstəliklə, istərsə də maddi sıxıntılarla mübarizə aparan Sabir bütün bunlara baxmayaraq öz maarifçi missiyasına qarşı heç vaxt dönük çıxmamışdır. Elə bu səbəbdən də onun missiyası bir düşünən aydın insanın var olduğu cəmiyyət qarşısında necə böyük məsuliyyət daşıya biləcəyinin nümunəsidir. Bir oxucu kimi hesab edirəm ki, xalqın vicdanı, həqiqət carçısı və azad düşüncənin mühüm müdafiəçisi olan Sabirin qələmi cəmiyyətə daim işıq saçan bir məşəl olub və bu məşəl bu gün də öz işığını, nurunu qoruyub saxlayır... Famil Məmmədov
Избранный
58
baki-xeber.com

1Источники