RU

Məleykə Abbaszadə imtahan suallarının seçilmə mexanizminiAÇIQLADI

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan suallarının necə seçilməsi və formalaşdırılması prosesinə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, o, APA İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, imtahan sualları əvvəlcə müəlliflər tərəfindən hazırlanaraq DİM-ə təqdim olunur və daha sonra ekspertizadan keçirilir.

Məleykə Abbaszadənin sözlərinə görə, ekspertiza tərəfindən uyğun hesab edilən suallar test bankına daxil edilir və həmin suallar uzun müddət istifadə olunmadan bankda qala bilər.

“Test bankında müxtəlif istiqamətlər üzrə sadə, orta və çətin səviyyəli çoxsaylı suallar saxlanılır”, - deyə o qeyd edib.

DİM sədri bildirib ki, imtahan variantları xüsusi texniki tapşırıq əsasında hazırlanır və proqram təminatı vasitəsilə avtomatik şəkildə formalaşdırılır.

“Proqram təminatı imtahana düşən sualları təsadüfi rəqəmlər əsasında avtomatik müəyyənləşdirir. Bu prosesdə insan müdaxiləsi minimum səviyyədə olur”, - deyə Məleykə Abbaszadə vurğulayıb.

Onun sözlərinə görə, seçilmiş suallar imtahandan əvvəl yenidən ekspertizadan keçirilir. Xüsusilə tarix və coğrafiya kimi fənlərdə zamanla dəyişən məlumatlar nəzərə alınaraq suallar aktuallaşdırılır.

Məleykə Abbaszadə əlavə edib ki, imtahanda istifadə olunan materiallar sonradan ictimaiyyətə açıqlanır və bu da şəffaflığın təmin olunmasına xidmət edir.

“Bir dəfə açıqlanmış sualdan yenidən istifadə etmək olmur. Amma bu addım şəffaflıq və ictimai ekspertiza üçün vacibdir”, - deyə o bildirib.

 

Избранный
24
1
redaktor.az

2Источники