RU

Terrorçularla əlaqəsi olan mərakeşli ölkədən qovuldu - QƏRAR   

Avropa İnsan Haqları Məhkəməsi İspaniyanın milli təhlükəsizlik arqumentini haqlı sayan qərar verib.

Musavat.com xəbər verir ki, Mərakeş əsilli Nəcib Falın deportasiyası ilə bağlı işdə məhkəmə qərara gəlib ki, terrorçu şəbəkələrlə əlaqədə şübhəli bilinən şəxsin ölkədən çıxarılması onun ailə həyatı hüququnu pozmur. Söhbət İspaniyada uzun illər yaşamış Mərakeş vətəndaşı Nəcib Faldan gedir. İspaniya təhlükəsizlik orqanları onun İŞİD - İraq Şam İslam Dövləti üçün adam toplama fəaliyyətində iştirak etdiyini iddia edirdi. AİHM materiallarında göstərilir ki, Fal 2006-cı ildən İspaniyada qanuni yaşayıb. O, 2010-cu ildə mərakeşli qadınla ailə qurub, cütlüyün İspaniyada doğulan iki qızı var. Lakin 2019-cu ildə İspaniya təhlükəsizlik xidmətləri onu Madriddən gənclərin Suriya və İraqa göndərilməsi ilə məşğul olan radikal şəbəkənin əsas üzvlərindən biri kimi müəyyən edib.

İddialara görə, Fal terror təşkilatı İŞİD üçün şəxslərin cəlb olunması və ideoloji hazırlanmasında iştirak edib. Bunun əsasında İspaniya Daxili Təhlükəsizlik strukturları onun deportasiyası barədə qərar qəbul edib. Maraqlıdır ki, Fal barəsində cinayət işi başlamayıb, məhkəmə hökmü də olmayıb. Amma inzibati qaydada ölkədən çıxarılıb və ona 10 illik giriş qadağası tətbiq edilib. AİHM-in qərarında diqqət çəkən əsas məqam budur ki, məhkəmə hesab edib ki,  milli təhlükəsizlik məsələlərində dövlətlər yalnız cinayət hökmünə bağlı qala bilməzlər. Strasburq məhkəməsi vurğulayıb ki, İspaniya məhkəmələri Falın işi üzrə polis və kəşfiyyat məlumatlarını araşdırıb, onun terrorçu radikallaşma fəaliyyəti ilə əlaqələrinə dair konkret istinadları yetərli hesab edib.
Qərarda qeyd olunur ki, cinayət hökmünün olmaması vacib amildir, lakin həlledici deyil. Bu yanaşma əslində Avropada son illər güclənən təhlükəsizlik doktrinasının davamıdır. Terror şübhəlilərinə münasibətdə dövlətlərə daha geniş manevr imkanları verilir və profilaktik təhlükəsizlik tədbirləri insan hüquqları müstəvisində daha çox qəbul edilir. Falın əsas arqumenti ailə həyatı ilə bağlı idi. O bildirirdi ki, həyat yoldaşı və İspaniyada doğulan uşaqları ilə ayrılması onun hüquqlarını pozur. Lakin AİHM bu arqumenti də qəbul etmədi. Məhkəmə qeyd edib ki onun həyat yoldaşı da Mərakeş əsillidir və istəsə öz ölkəsinə qayıda bilər. Uşaqlar hələ kiçikdir və Mərakeş cəmiyyətinə uyğunlaşa bilərlər. Ailənin Mərakeşdə ciddi təhlükə və ya humanitar problemlə üzləşəcəyinə dair sübut təqdim olunmayıb. Bundan başqa, məhkəmə Falın İspaniya cəmiyyətinə dərin inteqrasiya edə bilmədiyini də xüsusi vurğulayıb. Qərarda onun 14 illik dövrdə cəmi təxminən 7 il rəsmi işlədiyi, sosial əlaqələrinin əsasən məscid çevrəsi və ailəsi ilə məhdudlaşdığı qeyd edilir.

Bu qərar Avropa üçün mühüm presedentlərdən biri sayılır. AİHM-in bu qərarı  faktiki olaraq üzv dövlətlərə milli təhlükəsizlik riski gördüyü şəxsi, hətta məhkumluq hökmü olmadan belə deportasiya edə bilməsinə imkan verir. Bu isə xüsusilə terrorla mübarizə, radikallaşma və qeyri-qanuni dini şəbəkələr mövzusunda Avropa dövlətlərinin əlini gücləndirən hüquqi xətt kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, qərar gələcəkdə oxşar işlərdə – xüsusən miqrasiya, təhlükəsizlik və dini radikallaşma məsələlərində tez-tez istinad olunan presedentlərdən birinə çevrilə bilər. Qeyd edək ki, iş üzrə yekun qərar hələ tam qüvvəyə minməyib. Tərəflərin işi AİHM-in Böyük Palatasına çıxarmaq üçün 3 aylıq müddəti var.

 

E.Məmmədəliyev,
Musavat.com

Избранный
26
musavat.com

1Источники