RU

Pekin “qırmızı cizgiləri” çəkdi, “soyuq savaş” elan olundu: ABŞ-Çin qarşıdurması nəzarətdən çıxır, “dünyanın sahibi” dəyişir

Mövcud proseslər onu göstərir ki, yaxın gələcəkdə qlobal məkanda əsas müəyyənedici faktor məhz ABŞ-Çin qarşıdurmasının hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı olacaq... Hazırda qarşıduran tərəflər bu amansız rəqabəti nəzarətdə saxlamağa çalışsalar da, qlobal sistemdə böhran dərinləşdikcə, güc balansını qorumaq daha da çətinləşəcək və bu isə XXI əsrin yeni “soyuq müharibə” dövrünün artıq başladığını göstərir...

ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi qlobal geopolitik savaşın həlledici istiqamətlərini müəyyən edə biləcək qədər böyük önəm daşıyan prosesdir. Bu baxımdan, ABŞ prezidenti Donald Trampın Çinə rəsmi səfəri və bu nəhəng dövlətin lideri Si Tsinpin ilə apardığı danışıqlar qlobal məkanda son illərin ən mühüm geopolitik hadisələrindən biri kimi qiymətləndirilir. Çünki bu görüş yalnız iki supergücün liderləri arasında siyasi-diplomatik təmas kimi xarakterizə edilmir. Əksinə, bu, həm də XXI əsrin yeni qlobal güc balansının necə formalaşacağını müəyyənləşdirə biləcək strateji qarşıdurmanın növbəti mərhələsinin başlanğıcı hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, xüsusilə də diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, prezident Donald Trampın Pekinə səfəri ərəfəsində Çinin ABŞ-dakı səfirliyi rəsmi şəkildə ölkəsinin “dörd qırmızı xətt”ini açıqlamışdı. Çinli səfirin həmin mesaj faktiki olaraq, Ağ Evə ünvanlanmış sərt strateji xəbərdarlıq xarakteri daşıyırdı. Belə ki, rəsmi Pekin bununla bəyan etmiş oldu ki, Tayvan məsələsi, demokratiya və insan haqları mövzusu, Çinin siyasi sistemi və ölkənin inkişaf hüququ heç bir halda, şübhə altına alınmamalıdır.

Bu açıqlama həm də onu göstərir ki, rəsmi Pekin artıq ABŞ-la münasibətlərdə müdafiə mövqeyindən çıxaraq, açıq şəkildə öz geopolitik şərtlərini diktə etməyə başlayıb. Əslində, Çinin siyasi rəhbərliyi bununla Ağ Evə mesaj verir ki, artıq keçmişdə olduğu kimi, ABŞ-ın siyasi və ideoloji təzyiq mexanizmlərinə güzəşt etmək niyyətində deyil. Ona görə də, ABŞ və Çin arasında Tayvan uğrunda mübarizə hətta dünya düzəninin gələcək taleyini də müəyyənləşdirə bilər. Bu baxımdan, rəsmi Pekinin “qırmızı xətlər” siyahısının ilk sırasında Tayvan məsələsinin yer alması qətiyyən təsadüfi deyil. Çünki Çin üçün Tayvan problemi yalnız ərazi bütövlüyü məsələsi deyil, həm də dövlətin milli təhlükəsizliyi, siyasi legitimliyi və tarixi suverenliyi ilə bağlı strateji faktordur.

25ad4324-b9a0-4fd5-9197-f17f259f4301.jpg

Məsələ ondadır ki, son illərdə ABŞ-ın Tayvanla hərbi-siyasi əlaqələri genişləndirməsi, adaya silah satışını artırması və regionda hərbi iştirakını gücləndirməsi rəsmi Pekinin ciddi narahatlığına səbəb olur. Ağ Ev isə Tayvanı Çin üzərində əsas təzyiq vasitəsi və ABŞ-ın Hind-Sakit okean strategiyasının önəmli faktorlarından biri hesab edir. Ona görə də, Qərb siyasi dairələri hesab edirlər ki, yaxın onillikdə ABŞ və Çin arasında birbaşa hərbi toqquşma ehtimalı məhz Tayvan problemi ucbatından reallaşa bilər. Və bu baxımdan, rəsmi Pekinin “Tayvan məsələsi müzakirə predmeti deyil” məzmunlu mesajı əslində, geopolitik ultimatum xarakteri daşıyır.

Maraqlıdır ki, Çinin xüsusi vurğuladığı ikinci məsələ məhz demokratiya və insan haqları ilə bağlıdır. Rəsmi Pekin hesab edir ki, ABŞ və Qərb bu anlayışlardan artıq universal dəyər kimi deyil, rəqib dövlətlərə qarşı siyasi təzyiq aləti kimi istifadə edir. Çin Qərbin liberal-demokratik modelini qəbul etmədiyini açıq şəkildə göstərir və hər bir dövlətin öz siyasi idarəçilik formasını seçmək hüququ olduğunu vurğulayır. Yəni, bir tərəfdə ABŞ-ın liderliyi altında liberal Qərb sistemi dayanır. Digər tərəfdəsə, Çin öz dövlət-kapitalist və mərkəzləşdirilmiş idarəetmə modelini alternativ qlobal inkişaf nümunəsi kimi təqdim edir.

Bununla belə, prezident Donald Trampın Pekində verdiyi açıqlamalar isə onu göstərir ki, ABŞ Çinlə münasibətlərdə əsasən sərt güc strategiyasına üstünlük verir. Ağ Ev sahibinin “Biz hərbi baxımdan, istənilən ölkədən güclüyük” deməsi, ardıncasa Venesuela və İranı örnək göstərməsi də qətiyyən təsadüfi deyil. Belə ki, prezident Donald Tramp faktiki olaraq, rəsmi Pekinə ABŞ-ın qlobal hərbi güc üstünlüyünü xatırlatmağa çalışdı. Xüsusilə də, Ağ Ev hesab edir ki, Yaxın Şərqdə İranın zəiflədilməsi həm Rusiyanın, həm də Çinin regional təsir imkanlarını məhdudlaşdıra bilər. Məhz ona görə də, Pekində keçirilən qapalı danışıqlarda İran mövzusunun əsas məsələlərdən biri olduğu ehtimal edilir. Hə halda, Ağ Ev rəsmi Pekindən İrana münasibətdə daha ehtiyatlı siyasət yürütməyi tələb etmiş ola bilər.

ba7a7fa5-480b-4574-a080-edd16454b042.jpg

Ancaq Çinin buna nə dərəcədə hazır olduğu da ciddi suallar doğurur. Çünki Çin üçün İran sadəcə, enerji resursları mənbəyi deyil. İran həm də rəsmi Pekinin Yaxın Şərq strategiyasının əsas faktorlarından biri hesab olunur. Rəsmi Pekin anlayır ki, İranın zəifləməsi ABŞ-ın Yaxın Şərqdə geopolitik mövqelərini daha da gücləndirə və Çinin regiondakı iqtisadi layihələrini isə risk altına sala bilər. Bu səbəbdən də Çinin ABŞ-ın İrana qarşı sərt təzyiq siyasətinə qoşula biləcəyi qətiyyən inandırıcı görünmür. Halbuki, rəsmi Pekin ABŞ-la tammiqyaslı qarşıdurmanın da təhlükəli nəticələr doğura biləcəyini yaxşı anlayır. Çünki Çin iqtisadiyyatı hələ də qlobal bazarlardan, xüsusilə də, ABŞ və Qərb maliyyə sistemindən tam şəkildə ayrılmış vəziyyətdə deyil.

Təbii ki, yüksəksəviyyəli görüş zamanı prezident Donald Trampın “qarşılıqlı ticarət” mövzusunu ön plana çəkməsi də qətiyyən təsadüfi hesab olunmur. Belə ki, ABŞ hazırda Çinlə iqtisadi münasibətləri yenidən formatlaşdırmağa çalışır. Ağ Evin əsas məqsədi Çin istehsalından asılılığı azaltmaq, texnoloji üstünlüyü qorumaq və qlobal təchizat zəncirlərini ABŞ-ın maraqlarına uyğun şəkildə dəyişdirməkdir.

Xüsusilə də, süni intellekt, yarımkeçiricilər, yüksək texnologiyalar və strateji sənaye sahələrində ABŞ-Çin rəqabəti artıq açıq “iqtisadi savaş” mərhələsinə daxil olub. Qərbdə isə hesab edirlər ki, XXI əsrdə əsas geopolitik mübarizə enerji deyil, məhz texnologiya və məlumat üzərindən davam edəcək. Məhz ona görə də, Tramp administrasiyası Çin iqtisadiyyatının yüksək texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmağa çalışır. Rəsmi Pekin isə buna cavab olaraq, daxili istehsal potensialını gücləndirir və alternativ qlobal iqtisadi platformalar yaratmağa çalışır.

50fa867d-6a44-4178-92da-fb940da6217e.jpg

Bütün bunlara baxmayaraq, həm Ağ Ev, həm də Pekin açıq hərbi qarşıdurmadan yayınmağa çalışır. Çin lideri Si Tsinpinin “Çin və ABŞ tərəfdaş olmalıdır, rəqib deyil” açıqlaması da məhz bu yanaşmanın göstəricisi hesab olunur. Rəsmi Pekin anlayır ki, ABŞ-la birbaşa müharibə qlobal iqtisadi sistem üçün dağıdıcı nəticələr verə bilər. Eyni zamanda, Ağ Ev də Çinlə total qarşıdurmanın dünya iqtisadiyyatında dərin böhran yaradacağını və ABŞ iqtisadiyyatına sarsıdıcı zərbələr vuracağını bilir. Ancaq buna baxmayaraq, dünyanın yeni geopolitik reallığında ABŞ-Çin rəqabəti yalnız siyasi-iqtisadi sahədə deyil, həm də hərbi, texnoloji, ideoloji müstəvilərdə dərinləşir.

Bütün bunlar həm də onu göstərir ki, müasir dünya artıq tədricən yeni “soyuq müharibə” mərhələsinə keçid etməkdədir. Pekində keçirilən Tramp-Si Tsinpin görüşünün əsas nəticəsi də ondan ibarətdir ki, qlobal sistem böyük sürətlə yeni ikqütblü dünya modelinə yaxınlaşır. Ona görə də, ABŞ və Çin artıq sadəcə, rəqib dövlətlər deyil, həm də alternativ qlobal sistemlər uğrunda mübarizə aparan iki supergüc kimi davranırlar.

Göründüyü kimi, Tayvan, İran, Yaxın Şərq, Hind-Sakit okean regionu, texnologiya bazarları və enerji marşrutları böyük ABŞ-Çin qarşıdurmasının əsas “poliqonlar”ına çevrilməkdədir. Mövcud proseslər onu göstərir ki, yaxın gələcəkdə qlobal məkanda əsas müəyyənedici faktor məhz ABŞ-Çin münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı olacaq. Hazırda qarşıduran tərəflər bu amansız rəqabəti nəzarət altında saxlamağa çalışırlar. Ancaq qlobal sistemdə böhran dərinləşdikcə, bu balansın qorunması getdikcə, daha da çətinləşə bilər. Və bu isə XXI əsrin yeni “soyuq müharibə” mərhələsinin artıq başladığını göstərən ən ciddi əlamətlərdən biri hesab olunur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Избранный
20
28
paytaxt.org

10Источники