RU

İstidən alovlanan avtomobillər: sürücülər nəyə diqqət etməlidir?

Yay fəsli yaxınlaşdıqca havanın temperaturunun kəskin artması yalnız insan sağlamlığı üçün deyil, avtomobillər üçün də ciddi risk faktoruna çevrilir. İsti hava şəraitində nəqliyyat vasitələrinin mühərrik və elektrik sistemlərinə düşən yük artır, bu isə bəzi hallarda texniki nasazlıqların və hətta yanğın hadisələrinin baş verməsinə gətirib çıxarır.

Son illərin müşahidələri göstərir ki, xüsusilə yay aylarında yolda və dayanacaqda alışan avtomobillərin sayı nəzərəçarpacaq dərəcədə yüksəlir. Bu isə təkcə təsadüfi texniki problem kimi yox, əksər hallarda baxımsızlıq, vaxtında aparılmayan texniki qulluq və standartlara uyğun olmayan müdaxilələrin nəticəsi kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, yüksək temperatur şəraitində mühərrikin qızması, elektrik naqillərində yüklənmə, keyfiyyətsiz quraşdırılmış əlavə avadanlıqlar və köhnəlmiş yanacaq sistemləri risk faktorlarını daha da artırır. Nəticədə isə bir neçə saniyəlik nasazlıq belə ciddi yanğın təhlükəsinə çevrilə bilir.


Bu baxımdan yay mövsümü sürücülər üçün yalnız istirahət və səfər planları demək deyil, həm də daha diqqətli texniki nəzarət tələb edən bir dövr kimi qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, avtomobillərin isti havalarda alışmasının qarşısını almaq üçün profilaktik baxışların artırılması, elektrik və yanacaq sistemlərinin mütəmadi yoxlanılması, eləcə də zavod standartlarından kənar müdaxilələrdən imtina edilməsi əsas şərtlərdən biridir.

Elməddin

Nəqliyyat eksperti Elməddin Muradlı Musavat.com-a açıqlamasında bildirib ki, elektrik avadanlıqlarının, əlavə qurğuların və siqnalizasiya sistemlərinin quraşdırılmasına müdaxilə edilməsi bu cür problemlərə yol açır: "Əsas problem isə odur ki, insanlar buna bir növ yarış kimi yanaşırlar.

Yəni “filankəsin maşınında yaxşı işıq sistemi var, mən də qoyduracağam” və ya “mən maşına əlavə 10-15 avadanlıq quraşdıracağam” düşüncəsi ilə hərəkət edirlər. Nəticədə isə avtomobildə texniki nasazlıqlar yaranır və bu nasazlıqlar təhlükəli vəziyyətə gətirib çıxarır. Halbuki, avtomobil istehsal olunarkən zavod tərəfindən həmin cihazlar, siqnal və təhlükəsizlik sistemləri əvvəlcədən standartlara uyğun şəkildə quraşdırılır. Sonradan edilən müdaxilələr isə avtomobilin konstruksiyasına uyğun olmur və ciddi risk yaradır. Amma indi sürücülərin bir çoxu bunu bir növ dəb və görüntü məsələsinə çevirib. “Maşında filan avadanlıq olsa daha yaxşı görünər”, “daha fərqli və diqqətçəkən olar” düşüncəsi ilə insanlar müxtəlif dəyişikliklər etdirirlər”.


Ekspertin sözlərinə görə, digər tərəfdən, müxtəlif ölkələrdən Azərbaycana avtomobillər idxal olunur. Həmin maşınların bir qismi qəzaya düşmüş, sel, daşqın, sunami və su basqınlarından zərər görmüş avtomobillər olur: ”Bunlar ucuz qiymətə alınaraq ölkəyə gətirilir, burada müəyyən təmir və kosmetik dəyişikliklər edildikdən sonra baha qiymətə satışa çıxarılır.

Amma həmin şəxslər düşünmür ki, qazandıqları pul başqasının həyatı bahasına başa gələ bilər. İnsan illərlə zəhmətlə topladığı pula o avtomobili alır, sonra isə bir gün yolda hərəkətdə olarkən maşının yanması kimi təhlükə ilə üzləşir. Xüsusilə elektrik sistemi ilə bağlı məsələlərə vaxtında texniki qulluq göstərilməlidir. Elektrik sisteminin texniki parametrlərini pozmaq, normadan artıq əlavə avadanlıqlar quraşdırmaq olmaz”.


Şahanə Rəhimli
Musavat.com

Избранный
49
musavat.com

1Источники