RU

Azərbaycan beynəlxalq hüququ bərpa etdi, ATƏT-in Minsk qrupu isə tarixin uğursuz missiyasına çevrildi - ŞƏRH

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnmədi, eyni zamanda, beynəlxalq hüququn illərlə tətbiq edilməyən norma və prinsiplərinin real şəkildə təmin olunmasına gətirib çıxardı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz siyasi iradəsi, güclü ordusu və xalqın milli həmrəyliyi hesabına BMT Təhlükəsizlik Şurasının uzun illər icrasız qalan qətnamələrini həyata keçirərək tarixi ədaləti təmin etdi, eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyətsiz və nəticəsiz vasitəçilik missiyasını tarixə qovuşdurdu.

“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması idi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında saxlanılması, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insanın doğma torpaqlarından didərgin salınması və şəhər-kəndlərin dağıdılması beynəlxalq təşkilatların gözü qarşısında baş verirdi. Buna baxmayaraq, uzun illər ərzində dünya ictimaiyyəti problemin həlli istiqamətində təsirli mexanizmlər ortaya qoya bilmədi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb etsə də, həmin sənədlər təxminən 30 il ərzində icrasız qaldı. Bu fakt beynəlxalq münasibətlər sistemində ikili standartların və selektiv yanaşmanın mövcudluğunu açıq şəkildə nümayiş etdirirdi. Bir sıra hallarda beynəlxalq hüququn ayrı-ayrı dövlətlərə münasibətdə sərt tətbiq edildiyini, Azərbaycana gəldikdə isə eyni prinsipial mövqenin göstərilmədiyini görürdük”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupu da məhz passiv və nəticəsiz yanaşmanın simvollarından birinə çevrilmişdi: “Həmsədr dövlətlər uzun illər ərzində münaqişənin həllinə nail olmaq əvəzinə prosesi uzadan və status-kvonun saxlanmasına xidmət edən yanaşma nümayiş etdirirdilər. İşğalçı tərəfə qarşı heç bir ciddi təzyiq mexanizmi tətbiq olunmur, beynəlxalq hüququn tələbləri praktik addımlarla müşayiət edilmirdi. Nəticədə Ermənistan yeni təxribatlara və işğal siyasətini davam etdirməyə daha da həvəslənirdi. Məhz belə mürəkkəb geosiyasi şəraitdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti uzunmüddətli strateji hazırlıq mərhələsi keçdi. Son illərdə həyata keçirilən uğurlu iqtisadi siyasət, güclü maliyyə ehtiyatlarının formalaşdırılması, ordu quruculuğu istiqamətində görülən işlər, müdafiə sənayesinin inkişafı və beynəlxalq diplomatik müstəvidə əldə olunan nailiyyətlər Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi”.

Deputat qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, güclü döyüş ruhu və müasir texnologiyalar əsasında tarixi Zəfər qazandı. Azərbaycan əsgəri döyüş meydanında yalnız hərbi üstünlük nümayiş etdirmədi, həm də milli qürur və vətənpərvərlik nümunəsi ortaya qoydu. Şuşanın azad olunması isə müharibənin taleyini həll edən ən mühüm strateji və mənəvi hadisələrdən biri kimi tarixə düşdü.

B.Məhərrəmov vurğulayıb ki, Azərbaycanın əldə etdiyi Qələbə ilə regionda tamamilə yeni geosiyasi reallıq yarandı.

“Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və bununla da Azərbaycan beynəlxalq hüququ öz gücü hesabına təmin etmiş dövlət kimi dünya siyasi tarixində xüsusi yer tutdu. Bu, beynəlxalq münasibətlər sistemində nadir hallarda rast gəlinən presedentdir. Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinin mənasızlığı daha açıq şəkildə ortaya çıxdı. Çünki artıq münaqişə həll edilmişdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdi. Buna görə də Minsk qrupu faktiki olaraq funksiyasını itirdi və tarixin uğursuz vasitəçilik institutlarından biri kimi yadda qaldı”,-deyə qeyd edib.

Избранный
27
1
azertag.az

2Источники